5 Avqust 2022 14:51
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Məşədi Dadaş Məscidində keçirilən Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib.

Teleqraf.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vaizliyi ilə keçirilən xütbənin ikinci hissəsi ötən gün Londonda baş verən hadisəyə həsr olunub.

Xətibin sözlərinə görə, Azərbaycanın Britaniyadakı diplomatik nümayəndəliyinə qarşı vandalizm islam dini ilə heç bir əlaqəsi olmayan rəftar və davranışdır: "Baxmayaraq ki, hücumu təşkil edən məlum qruplaşmanın üzvləri bu hərəkətlərini dini şüarlar altında edirlər. Amma bu, dini hislərin istismar edilməsidir. O insanların nə dini, nə məzhəbləri var. Onların fəaliyyətinə nəzər yetirəndə görürük ki, onlar fəaliyyətə başladığı ilk gündən dinlərarası, ənənəvi məzhəblərarası qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirirlər".

QMİ-nin səlahiyyətli nümayəndəsi hesab edir ki, onlar belə bir həssas dönəmdə - Məhərrəm ayı günlərində Azərbaycanda insanların dini hisslərinə toxunmağı qarşılarına məqsəd qoyurlar: "Məzhəb və dinlərarası münasibətləri korlamaq və ona zərbə vurmaq üçün bu addımları atırlar. Əminliklə deyirəm ki, bu kimi addımlar əvvəlcədən uğursuzluğa düçar olacaq. Azərbaycanın dini mühitində belə insanların hər hansı bir təsir imkanı yoxdur. Azərbaycanda ümumiyyətlə radikallığın sosial bazası yoxdur. Bəlkə də onlar bu ölkədə fəaliyyətlərini genişləndirə bilmədiklərinə görə öz aləmlərində Azərbaycandan qisas almağa, ölkəmizin imicinə zərbə vurmağa çalışırlar".

Hacı Şahin Həsənli vurğulayıb ki, Azərbaycan səfirliyinə hücum zamanı təhqir olunan bayraq uğrunda minlərlə insan canını fəda edərək şəhidlik zirvəsinə ucalıblar: "O bayrağın təhqir edilməsi Azərbaycan dövlətinin təhqir edilməsi ilə yanaşı həm də dinimizin, inancımızın təhqir edilməsi deməkdir".

Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq bu günlərdə "Qisas" əməliyyatı həyata keçirdiyini xatırladan din xadimi bunun kimlərisə narahat edə biləcəyi ehtimalını səsləndirib: "Ola bilər "Qisas" əməliyyatı kimlərisə narahat edib. Belə bir mərhələdə dini hislərə toxunmaqla Azərbaycanda hansısa bir qarışıqlıq yaratmağa cəhd göstərilib. Erməni teleqram kanallarında Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum canfəşanlıqla paylaşılır. Yəqin ki, zaman göstərər ki, bu kimi addımlarda düşmən izi olduğu var. Ona görə də inanclı insanlar da bu kimi məsələlərdə ayıq-sayıq olmalıdırlar".

Xütbə Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücuma həsr olunmuş mövzu ətrafında davam edib.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər