Bu gün Azərbaycanda Aşura mərasimi keçirilir.
Bu dini matəm günü istər klassik ədəbiyyatımızda, istərsə də millətləşmə dövrünün başlanğıcında - ötən əsrin əvvəllərində yazılan məqalələrdə özünəməxsus şəkildə yer alıb. Əgər klassik ədəbiyyatda bu günün mahiyyəti izah edilirdisə, mühərrirlərimizin yazılarında Aşura xalqı birləşdirən ortaq bir hiss, həyəcan şəklində göstərilirdi. Məsələn, Məhəmmədəmin Rəsulzadə 1914-cü ildə “İqbal” qəzetində çap edilmiş “Aşura” adlı məqaləsində yazırdı:
“Vaqieyi-Kərbəlanı çox eşitmişik. Əhli-beytin oradakı məzlumiyyətlərini, min dürlü şəkil və növdə dinləmişik. Aşura gününün məzaliminə hər sənə göz yaşı və baş qanı tökərək gəlmişik. Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik. Yalnız bu, qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə haqqında ən az işlətdiyimiz və ən az zəhmət verdiyimiz bir şey vardır: əql! Halbuki bu kimi ictimai və siyasi vəqeələrdən istifadə edə bilmək və onun künhünə və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyyati bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünməlidir”.
Rəsulzadənin qeyd etdiyi “faydalı nəticələr” nə idi?
Əmin bəy haqlı olaraq yazırdı ki, göz yaşlarımızı boşuna axıtmaqdansa, qiyamətə qədər davam edəcək bu tarixi hadisədən nəticələr çıxarmalı, bu birləşdirici dəyərdən istifadə olunmalıdır. Çünki həmin il Birinci Dünya müharibəsi başlamışdı, müstəmləkə altında yaşayan xalqlar azadlıq, hürriyyət istəyirdilər. İmam Hüseynin mücadiləsi də bu yolda xalqı birləşdirəcək bir düşüncəyə çevrilə bilərdi.
Dövrün aydınlarından Ömər Faiq Nemanzadə 1905-ci ildə qələmə aldığı “Nəşri-asarə dəvət” adlı əsərində yazırdı:
“Nə hacət, hər il məhərrəmlikdə zahirən başımıza kül-saman töküb üst-başımızı qanlara bulayıb, guya böylə əməl və rəftarlar ilə matəmini saxladığımız nuri-çeşmi-millət, müxəffər şühadayi-ümmət olan həzrəti İmam Hüseyn əleyhissalamın vaqeyi-şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi? Heyif, sədd həzar heyif ki, o şahidi-millətpərvərin matəmini bu zəmanəyə görə özgə cür tutmaq, mərsiyələrimizi daha təzə bir sayaq millətpərvəranə üzrə oxutmaq lazım gəldiyi halda sahibinin niyyəti və məsləkindən bixəbər hərəkət edən cansız maşın kimi qayırdığımız iş və əməldən özümüz də bixəbər bulunuruq”.
Göründüyü kimi klassiklər İmam Hüseyn hərəkatındakı azadlıq, hürriyyət kimi anlayışları qabardıblar, bu dəyərlərin millətləşmə dövründə faydalı olacağını düşünüblər. Çünki aşağıda məqaləsini təqdim etdiyimiz Mirzəbala Məhəmmədzadənin də yazdığı kimi, bayramlar və matəmlər millətin yaranmasında rol oynayıb.
Təsadüfi deyil ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı postsovet dövründə Azərbaycanı xalqını birləşdirən amil oldu.
İctimai-siyasi xadim, Azərbaycan mühacirətinin önəmli simalarından Mirzəbala Məhəmmədzadənin 27 aprel 1934-cü ildə “İstiqlal” qəzetində çap olunmuş “Milli Aşura” adlı məqaləsində də ötən əsrin əvvəllərində Azərbaycanda keçirilən Aşura mərasiminin mahiyyəti və onun çar Rusiyasına qarşı mübarizədə oynadığı roldan bəhs edilib.
Məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Mirzəbala Məhəmmədzadə
Milli Aşura
Bu il Aşura 24 aprelə təsadüf edir.
Bu, dini bir matəmdir.
27 aprel isə qırmızı istilanın 14-cü ildönümüdür.
Bu da milli Aşuradır. Milli bir matəmdir.
Dini Aşuranı bilirik.
Əsrlərdən bəridir ki, millətimiz bu gün göz yaşı tökür, matəm tutur, qara geyinir, gülmür, çalıb-oynamır, oxumur...
Teatr mövsümünə təsadüf etdiyi zaman təkcə bu gün deyil, on gün əvvəldən və 50 gün sonraya qədər teatrlarda komediya və opera təmsil edilməzdi.
Tarlar, sazlar susardı.
Kamançaların, qavalların səsi çıxmazdı. Yaşıl yamaclarda çoban tütəkləri də sükuta qərq olardı...
Aşıqlar, oxuyanlar da mərsiyyədən başqa bir şey oxumazdılar.
Toy, bayram, əyləncə, nikah əqdi, hətta salamlaşarkən, görüşərkən gülmək, gülümsəmək də qadağan idi...
Matəmdi!
Niyə?
Çünki Hüseyn öldürülmüşdür.
Tarixi bilirik. Bilirik ki, Həzrəti Hüseynin qətli iki ərəb sülaləsinin hakimiyyət savaşı nəticəsində baş vermişdir.
Fəqət bir azərinin xəyalındakı Hüseyn bir ərəbin xəyalındakı Hüseyn deyildir.
Tarixi Hüseyn ilə ictimai Hüseyn arasında heç bir münasibət yoxdur.
Hüseyn, yaxud Əli tarixi şəxsiyyət olmaqdan tamamilə çıxmış, Azərbaycan mühitində əfsanəvi şəxsiyyətlərə bürünmüş, “məchul əsgər” kimi ictimai bir timsal olmuşdur.
Xalqın xəyalındakı Hüseyn və yaxud Əli şəhiddirlər, qurbandırlar.
Bəşəri məfkurənin, insani idealların şəhididir.
Hüseyn mömin bir azərinin nəzərində insani məfkurənin qurbanı olduğu üçün şəhiddir. Ona görə də böyükdür.
Əsrlər boyu azərilər bu “insani məfkurə” məfhumu altında haqqı, həqiqəti, hürriyyət və ədaləti təsəvvür etdi.
Bu uğurda göz yaşları tökərkən, mərsiyyələr, pyeslər, dini ədəbiyyat yaradarkən, haqqın, ədalətin, hürriyyət və insani məfkurənin bir gün müzəffər olacağına dərin və sarsılmaz bir ümid bəslədi.
O, hər il bu gün zülmə, vəhşətə, istibdada kin və nifrətini təkrarladı.
O, hər il bu gün hürriyyətə, ədalətə, haqqa, insani məfkurəyə olan eşqini təzələdi.
O, bu yolun qurbanı olmaq üçün and içdi...
Bayramlar və matəmlər nədir?
Ortaq ictimai əhəmiyyəti olan bu sevinc və kədər günləri birləşdirici, müştərək milli birlik bağlarını təzələyən qiymətə malikdir.
Bir cəmiyyəti millət edən ən mühüm amillərdən biri də bunlardır.
Eyni gündə eyni sevinci və eyni kədəri hiss edən, eyni hadisədən eyni şəkildə təsirlənən cəmiyyət eyni duyğu bağları ilə bağlanmış, eyni həyəcan, hiss, dilək və ideala sahib bir millət adını daşıya bilir.
Azərbaycan bəşəri, insani məfkurə üçün qurban, şəhid olmaq mövzusunda qoca bir ədəbiyyat və qoca bir sənət həyatı yaratdı.
Bu, milli bir tradisiya şəklini aldı.
Azərbaycanın mədəni və ictimai həyatına bəşəri bir xarakter verməkdə bu tradisiyanın çox mühüm rolu oldu.
Bu ictimai oluş seyrinin milliyyət dövründəki rolu böyükdür.
Milliyyətini, türklüyünü, azəriliyini dərk edən azəri türkü milli hürriyyət və milli istiqlalına qovuşmaq üçün vuruşmağa başlayarkən ali, insani bir səciyyə hazırlığına malikdi. O, azad yaşamaq üçün, azad doğan bütün millətlərlə bərabərlik haqqına malik bir türk insan, bir azəri insan olduğuna dərin bir iman bəsləyirdi.
Onun gözündə bütün insanlar və hər fərd kimi bir bütün olan, hər millət böyük Yaradan qarşısında eyni haqqa, eyni imtiyaza, hürriyyət və istiqlala layiq görülmüşdür.
O, bu imanla istiqlalına qovuşdu. Bütün Rusiya çar istibdadından bolşevik istibdadına yuvarlanarkən azəri türkünün insani, bəşəri bir prinsipə söykənən demokratik bir cümhuriyyət qurması təsadüfi bir hadisə deyildi.
O, bu yeni həyatını qurarkən ilhamını, qüvvətini imanının dərinliyindən, damarlarından axan əsil qandan və əsrlərdən bəri qurulmuş, təşəkkül etmiş haqq və hürriyyət vurğunu mənliyindən alırdı.
Ona görədir ki, o, 27 aprel istilasını susmaq bilməyən bir qiyamla qarşıladı.
Onun, azərinin nəzərində 27 aprel milli bir Aşuradır.
Bu gün haqq, hürriyyət, insaniyyət deyən yezidlər, şümürlər hürriyyət və istiqlal həyatı ilə yaşamağa qərar vermiş Azərbaycanı qan və alovda boğmaq istəmişdilər.
Bu gün hürriyyətin, istiqlalın, haqqın və ədalətin timsalı olan milli Azərbaycan bayrağı endirilmiş, onun yerinə kirli bolşevik bayrağı çəkilmişdir.
Bu gün hürriyyət deyən dillər vəhşi bir şəkildə kəsilmiş, haqq bağıran ağızlar qurşunlarla doldurulmuşdur.
Bu gün bir millətin, hürriyyət və bəşəri məfkurə aşiqi bir millətin hürriyyətinə son verilmiş, Millət Məclisi qapadılmış, ordusu dağıdılmış, ricalı, rəhbərləri, hürriyyətsevən gəncliyi zindanlara atılmış, Sibirə sürgün edilmiş, güllələnmişdir...
Bu gün istilaya, vəhşətə, zülmə itaət etmədikləri üçün şəhərlər, qəsəbələr, kəndlər yerləyeksan edilmiş, xanimanlar məhvi-pərişan edilmişdir.
Bu gün Qurana daldalanan yezidlər kimi ruslar da hürriyyəti və haqqı boğmaq üçün hürriyyəti və haqqı qalxan tutaraq yurdumuza girmiş, millətimizi əsir və kölə halına gətirərək milli, dini müqəddəsatımızı murdar çəkmələri altında kirlətmişlər.
Bu gün mənliyini, milliyyətini dərk edən, haqq və hürriyyət aşiqi bir millətin mənliyi təhqir edilmiş, müstəqil həyatına, milli hakimiyyətinə son verilmişdir.
“Son verilmişdir” dedik. Fəqət bu, doğru deyildir.
Bunu tez düzəltməliyik.
Zülm qalıcı ola bilməz.
İstibdad əbədi deyildir.
Əsil və əzəli olan köləlik və əsarət deyil, hürriyyət və istiqlaldır.
İnsan azad doğulur.
Azad doğulan insanın kölə yaşaması qeyri-təbiidir.
İnsan azad yaşamaq üçün azad doğulmuşdur.
İnsani həyat yalnız hürriyyətlə mümkündür.