Adətən müştərilər restoranda yemək sifarişi verərkən büdcələrinə uyğun olması üçün əvvəlcədən qiymətlərə nəzər yetirirlər. Lakin hesabı istəyən zaman qonaqlar xoşagəlməz sürprizlə qarşılaşırlar. Restoran sektorunda hesaba “servis haqqı” əlavə olunur. Bu isə müştərilərin narazılıqlarına səbəb olur. Maraqlıdır, restoranların bu addımı nə dərəcədə doğrudur? Müştəri “servis haqqı” ödəməkdən imtina edə bilərmi?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov Teleqraf.com-a bildirib ki, bu barədə AİB-ə mütəmadi şikayətlər daxil olur.
Onun sözlərinə görə, bu, istehlakçı hüquqlarının pozulması deməkdir:
“Hərə özünə bir ad qoyub “servis haqqı” tələb tələb edir. Bununla bağlı qanunda heç nə qeyd olunmayıb. İqtisadiyyat Nazirliyi qarşısında məsələni qaldırdıqda isə bildirilir ki, onlar biznes qurublar və istədikləri kimi hərəkət edirlər. Ən azından əvvəlcədən istehlakçıya bunun barəsində məlumat verilməlidir. Dünyanın hər yerində belə bir qayda var, əgər müştəriyə yaxşı xidmət göstərilsə, o, mütləq sənə çaypulu verəcək. Təəssüf ki, nə Nazirlər Kabineti, nə də İqtisadiyyat Nazirliyi restoranlar üçün heç bir qayda hazırlanmayıb”.
Ekspert hesab edir ki, bu tələb Azərbaycanda turizmin inkişafına böyük zərbədir: “Qanun qadağa eləmir, lakin istehlakçın əvvəlcədən nə qədər “servis haqqı” ödəyəcəyini bilməlidir. Bu, ya menyuda, ya da masanın üzərində bir kağızda yazılmalıdır. Doğrudur, buna bənzər təcrübələr başqa ölkələrdə var. Məsələn, Kanadada 20 faizə qədər "çaypulu" verməlisən. Amerikada istehlakçı restorana girəndə ödəniş kartını alıb saxlayır, pula müdaxilə etməmək şərtilə bəzi parametrləri götürürlər. Sonda problem olarsa, istehlakçıdan orda da "servis haqqı" alınır”.
Marketoloq Hikmət Əliyev isə bildirib ki, müştəri “servis haqqı”ndan imtina edə bilər:
“Beynəlxalq təcrübədə də bu var. Təbii ki, müştəri buna öz etirazını bildirə bilər. Əgər restoran “servis haqqı” barədə menyuda qeyd edibsə, qiymətə daxil edilə bilər. Müştəri buna razı olduğu üçün qanunsuz heçnə yoxdur”.