“Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə gedən bərpa və quruculuq
işlərinin dinamikası ilə dünyanın diqqətini cəlb edir. Möhtərəm Prezidentimiz İlham
Əliyevin mütəmadi olaraq bölgələrə etdiyi səfərlər Azərbaycanda görülən bütün
quruculuq və inkişaf tədbirlərinin ölkə rəhbərliyinin xüsusi diqqətində saxlandığını
göstərir. Bu diqqətin sayəsində işğaldan azad edilmiş ərazilərimiz daha sürətlə bərpa
olunur , eləcə də digər regionlarda həyata keçirilən dövlət proqramları səmərəli şəkildə
icra edilir.”
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı
Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, avqustun 12-də Prezident İlham Əliyevin Ağsu və İsmayıllı
rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdiyi obyektlər bu rayonların iqtisadi
inkişafının daha da sürətlənməsində mühüm rol oynayacaqlar: “Dövlət başçısının
regionlara hər səfərində yeni obyektlərin açılışında və yaxud təməlqoyma mərasimlərində
iştirakı bir ənənə halını almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 12-də
Ağsu və İsmayıllı rayonlarına etdiyi səfər də istisna olmadı. Səfər çərçivəsində
dövlətimizin başçısı İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsu
şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri
Muzeyinin açılışında iştirak edib, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində
aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə, həmçinin “Ağsu Aqropark”
Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Təbii ki, hər bir yeni istifadəyə
verilən müəssisə ilk növbədə yeni iş yerləri deməkdir, xüsusilə bölgələrdə işsizlik
probleminin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış bir addım kimi
dəyərləndirilməlidir. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycanın əhalisi
getdikcə artır və deməli, yeni iş yerlərinə tələbat da artır. Buna görə də iş yerlərinin
açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Azərbaycan dövləti həm xüsusi
proqram və layihələrin icrası ilə, həm də özəl sektor üçün yaradılmış şərait nəticəsində
yeni iş yerlərinin açılmasına böyük dəstək olur”.
K.Qafarov daha sonra deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Ağsu və
İsmayıllı rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına
verdiyi müsahibəsi, hər zaman olduğu kimi, önəmli açıqlamalarla zəngin idi. Diqqəti cəlb
edən əsas məqamlardan biri ölkənin ərzaq təhlükəsizliyi barədə dövlət başçısının ifadə
etdiyi fikirlər oldu. Bu gün bütün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük
narahatlıq var. Bu vəziyyətin yaranmasına əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir.
Məhz bu müharibə nəticəsində bir çox ölkələr hazırda öz əhalisini ərzaqlıq taxılla təmin
edə bilmir. Bu ölkələr üçün ənənəvi olaraq taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna
olublar, indi isə müharibə təchizatda çox böyük əngəllər törətmişdir. Təəssüflər olsun ki,
Azərbaycan da hazırda özünü taxılla tam təmin edə bilmir. Bununla belə, dövlətimiz
tərəfindən vaxtında görülmüş tədbirlər, əldə olunmuş razılaşmalar sayəsində hazırda
Azərbaycanda Rusiyadan taxıl idxalı ilə bağlı heç bir problem yoxdur. Buna paralel
olaraq ölkədə ərzaqlıq buğdanın istehsalının artırılması istiqamətində də gərəkli işlər
görülür. Bu məqsədlə xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq
edilməsinə start verilib və bunun nəticəsində yaxın bir neçə ildə ərzaqlıq buğdanın
Azərbaycanda istehsalının kəskin artacağı gözlənilir.”
Millət vəkili Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşması ilə bağlı yer alan fikirlərin mühüm siyasi əhəmiyyət kəsb
etdiyini və faktiki olaraq bu fikirlərin dayanıqlı sülhə aparan yeganə yolun göstəricisi
olduğunu qeyd edərək deyib: “Təəssüflər olsun ki, bu ayın əvvəlində baş verən hadisələr
Ermənistanın hələ də Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqları tam
dərk edə bilmədiyini söyləməyə əsas verir. Bu ölkənin hakim dairələrinin nəyə və kimə
güvəndiklərini, baş verə biləcək hansı dəyişikliklərə ümid etdiklərini qətiyyən anlamaq
olmur. Zaman keçdikcə Qarabağda da, Şərqi Zəngəzurda da, bütün regionda da
dəyişikliklər olacaq, bu, labüddür. Lakin bütün bu dəyişikliklər, Prezidentimizin dediyi
kimi, yalnız Azərbaycanın xeyrinə olacaq. Əgər Ermənistan da bu yeniliklərdən
faydalanmaq istəyirsə, bunun üçün mövcud olan yeganə yol Azərbaycanla sülh
müqaviləsini mümkün qədər tez imzalamaq və münasibətləri normallaşdırmaqdır.
Cərəyan edən hadisələr belə deməyə əsas verir ki, məhz Qarabağda yaşayan erməni
əhalisi mövcud reallığı düzgün qiymətləndirməyə və qəbul etməyə daha yaxındır. Bunu
dövlət başçımızın öz müsahibəsində qeyd etdiyi maraqlı bir faktdan da anlamaq olur.
Yeni Laçın yolunun inşası prosesində son 6-7 ay ərzində həmin ərazidə Rusiyanın
sülhməramlıları olmayıblar. Azərbaycanlı inşaatçılar oradakı kəndlərdə yaşayan yerli
ermənilərlə təmasda olublar, hətta yerli sakinlərdən bəziləri gəlib işlərdə kömək də edirdi
və təşəkkürünü bildirirdi ki, Azərbaycan dövləti belə keyfiyyətli yol tikir. Bu insanlar çox
gözəl bilirlər ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi yalnız
Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ermənistan isə birdəfəlik anlamalıdır ki, təxribatlardan əl çəkmədikcə, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatının nəticəsində olduğu kimi, hər dəfə cəzalanacaq. Azərbaycan öz torpaqlarında istənilən əməliyyatı istənilən zaman apara bilər. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Azərbaycan sülhün və inkişafın tərəfdarıdır və bütün region ölkələrini də məhz bu yola dəvət edir”.