Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.
DİM-dən Teleqraf.com-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.
***
09:28
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahanlar saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
Dövlət qulluğuna qəbul imtahanı Bakıda 8 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 619, BB qrupu üzrə 1 463 olmaqla, ümumilikdə 2 082 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 186 nəzarətçi‑müəllim və 16 buraxılış (mühafizə) rejimi əməkdaşı ayrılıb.
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 856, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 74 zal nəzarətçisi və 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Bu gün, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanı da keçirilir.