5 Dekabr 2014 09:35
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də vardı.

Parisin qış sirkinin fasadında güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşündən, ölkəmizin idman həyatından, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edən məlumat tabloları yerləşdirilmişdi.

Mərasim Azərbaycan və Fransanın dövlət himnlərinin səslənməsi ilə başladı.
Olimpiya test turniri adlandırılan bu yoldaşlıq görüşünün açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı nümunəvi proqramla çıxış etdi.

Sonra tamaşaçılar ölkəmizin idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən filmə baxdılar.

1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirildi. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ aldı.

Böyük tarixi və ənənələri olan Azərbaycan güləşinin yetirmələri ölkəmizin idman şərəfini bu yoldaşlıq görüşündə də layiqincə qorudular. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəldi.
Ölkəmizdə çox populyar olan güləş idman növündə Azərbaycan həmişə fərqlənib. Beynəlxalq yarışlarda güləşçilərimizin qazandığı uğurlar yeniyetmə idmançılar üçün hər zaman stimul olub. Təsadüfi deyil ki, müstəqillik illərində təmsil olunduğumuz bütün Yay Olimpiya Oyunlarında güləşçilərimiz böyük nailiyyətlər qazanıb, Vətənə qızıl medallarla qayıdıblar. Onu da deyək ki, Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünün keçirilməsi bu ilin may ayında Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolonla Parisdə keçirilən görüşündə razılaşdırılıb.

Oyunlar başa çatdıqdan sonra Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olundu. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi.

Alən Bertolon hər iki ölkə güləşçilərini göstərdikləri əzmkarlığa görə təbrik edərək Azərbaycan idmançılarının dünya reytinq cədvəllərində həmişə yüksək pillələrdə dayandığını vurğuladı. Fransa Güləş Federasiyasının prezidenti gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında güləş idman növünün yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirdi.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə ölkəmizdə güclü idman ənənələrinin olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük idman infrastrukturunun yaradıldığını, respublikamızın Olimpiya hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırdı. Fazil Məmmədov gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğuladı.

Mərasimdə ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafından bəhs edən film nümayiş etdirildi.

Sonda Beynəlxalq Güləş Federasiyası ilə “ATA Holdinq” ASC arasında əməkdaşlığa dair protokol imzalandı.

Mərasimdə Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdi.


Müəllif:

Oxşar xəbərlər