5 Dekabr 2014 12:30
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında keçirilən “İşçilərlə bağlanmış əmək müqavilələrini elektron informasiya sistemində qeydiyyatdan keçirmisinizmi?” interaktiv sorğusuna yekun vurulub.

Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sorğunun nəticələri işçilərlə bağlanmış əmək müqavilələrinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi prosesində işəgötürənlərin fəal iştirakını təsdiq edir.

Belə ki, sorğuda iştirak edən işəgötürənlərin 90 faizi (1210 nəfər) işçilərlə bağladıqları əmək müqavilələrini elektron informasiya sistemində qeydiyyatdan keçirdiklərini bildiriblər. Bu göstərici elektron informasiya sisteminin tətbiqindən sonra işəgötürənlərin maarifləndirilməsi üçün ƏƏSMN tərəfindən aparılan ardıcıl və çoxşaxəli işlərin, habelə sistemin mükəmməl proqram təminatına malik olmasının müsbət nəticəsi, eyni zamanda həmin işəgötürənlərin öz vəzifələrinin icrasına məsuliyyətli və işgüzar yanaşmasının real ifadəsidir. İşəgötürənlər hər bir əmək müqaviləsini, ona dəyişiklik edilməsi və ya xitam verilməsini müvafiq bildiriş formalarında elektron qeydiyyatdan keçirməklə işçilərinin əmək və sosial, gələcəkdə layiqli pensiya təminatı hüquqlarına malik olmalarına şərait yaratmış olurlar. Həmçinin, bununla büdcəyə sosial sığorta haqları və vergi daxilolmalarının artımına imkan yaranır, işəgötürənlərin əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunması üçün hüquqi əsas formalaşır.

Bununla belə, respondentlərin 10 faizinin (141 nəfər) sorğunu mənfi cavablandırması əmək qanunvericiliyinin tətbiqinə hələ də biganə yanaşan işəgötürənlərin mövcudluğunu göstərir. Ölkəmizin əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı bildiriş forması elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. İşçilərin elektron informasiya sistemində qeydiyyatdan keçirilməyən əmək müqavilələri üzrə əmək fəaliyyətinə cəlb edilməsi qeyri-leqal məşğulluğa şərait yaradılması halı kimi qiymətləndirilir və belə hallara qarşı qanunvericiliyə uyğun olaraq ciddi cəza tədbirləri həyata keçirilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər