Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz hesab edir ki, kənardan müşahidə edəndə Elm və Təhsil Nazirliyi (ETM) nəhəng imtahan mərkəzi, kütləvi imtahanlar nazirliyi təəssüratını yaradır. Onun sözlərinə görə, dövlətin kütləvi imtahanların təşkili məqsədilə yaratdığı qurum - Dövlət İmtahan Mərkəzi isə bütün bu prosesləri sadəcə kənardan müşahidə edir. Ekspert bildirir ki, ETN bu qədər nəhəng resursları təhsilin inkişafına və keyfiyyətinin qaldırılmasına, təhsilin modernləşdirilməsinə yönəltsə daha məqsədəuyğun və məntiqli olar. Bununla da təhsilin inkişafı baxımından daha böyük uğurlar və müsbət nəticələr əldə etmək olardı.
Teleqraf.com mövzu ilə bağlı başqa ekspertlərin də fikrini öyrənib.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, ETM-nin vəzifəsi heç də təhsil alan və təhsil verənlərin yoxlanılmasını icra etmək deyil: “Mövcud qanunvericilik və ETM-nin nizamnaməsinə əsasən qurumun əsas vəzifəsi ölkədə təhsil siyasətini həyata keçirməkdir. Təhsil alan və təhsil verənlərin yoxlanılmasını icra etmək üçün nazirliyin resurs və təcrübəsi yoxdur. Məhz buna görə də keçirdikləri müxtəlif növ imtahanlarda yoxlama və ölçmə alətləri standartlara uyğun gəlmir. Nəticədə ciddi problem və qüsurlarla qarşılaşırıq.
Bu gün ETM rus bölməsi üzrə birinci sinifə qəbul olmaq istəyənləri imtahanlardan keçirir. Özəl liseylər və yaxud nazirliyə tabe olan məktəblər üçün imtahanlar təşkil olunur. Bundan başqa, orta məktəblərdə müxtəlif növ monitorinq imtahanları keçirilir. Ardınca, direktor, direktor müavini, laborant vəzifəsinə imtahanlar təşkil olunur. İndi isə müəllimlər sertifikasiyası imtahanına cəlb olunurlar”.
Kamran Əsədovun sözlərinə görə, qanunvericiliyin tələblərinə görə, bu imtahanları həyata keçirən qurum Dövlət İmtahan Mərkəzi (DİM) olmalıdır: “Çünki nazirlik bütün resurslarını imtahanlara səfərbər edir. Yekun nəticədə dərs bölgüsündə, kadr islahatlarında ciddi problemlər baş verir. Yaxşı olar ki, bu tip imtahanları DİM həyata keçirsin. Amma sifarişçi qismində nazirlik olmalıdır. Tələblərini irəli sürüb, hansı bilik və bacarıqlara malik müəllimlərin seçilməsini onlara bildirməlidir. Bu, həm də müstəqil seçim üsulu olardı. Çünki birmənalı şəkildə tədrisi həyata keçirən qurumun özünün imtahan keçirməsi şəffaflığı şübhə altına alır”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə səsləndirilən iddialarla razılaşmır.
Ekspertin fikrincə, ETM-ni DİM-lə müqayisə etmək düzgün deyil: “ETM, həmçinin digər dövlət qurumları, əlbəttə, qiymətləndirmə apara bilərlər. Bu, onların birbaşa fəaliyyətindən irəli gəlir. Hər zaman cəmiyyətdə müəllimlərin sertifikasiyası, işə qəbulu (MİQ), direktorların işə qəbulu, məktəbəqədər təhsil müəssisələrində işçilərin işə qəbulu ilə bağlı keçirilən müsabiqə və imtahanları anlayışla qarşılamayan insanlar olur.
Hesab edirəm ki, MİQ-in imtahanla təşkil olunması günün reallığıdır. Direktorların işə qəbulunun imtahan və müsabiqə ilə keçirilməsin doğru yanaşmadır. Digər tərəfdən, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin hazırlığı ilə bağlı müəyyən imtahanların təşkili və qiymətləndirmə nəticəsində işçilərin qəbulu olduqca doğru qərardır. Çünki biz məktəbəqədər təhsil müəssisələrində nə qədər neqativ halların olduğunu yaxşı bilirik. Bu baxımdan düşünürəm ki, bütün bunlar ümumi təhsil işinin lehinə olan qərarlardır. Burada zərərli, adminstrativ güc göstərmək niyyəti yoxdur”.
İlqar Orucov bildirib ki, bu imtahanların hər birində ümumi təhsil maraqları dayanır: “Mən müəllimlərin sertifikasiyasını da hər zaman müdafiə etmişəm. Müəllimlər nə qədər savadlı olsalar, cəmiyyət də bir o qədər savadlı olar. Biz təhsildə neqativ hallardan danışırıqsa, yaxşı məqamları da qeyd etməliyik. Bu imtahanların təşkili təhsilin ümumi inkişafına xidmət edir.
Hazırda elmi-tədqiqat müəssisələrinin də böyük əksəriyyəti ETM-yə verilib. O müəssisələrin özlərində də attestasiyaların keçirilməsi çox vacibdir. Qiymətləndirmədən sonra həmin müəssisələrin fəaliyyətində canlanmanı yarada bilərik. Başqa yol yoxdur”.