3 Sentyabr 2022 10:57
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin bu il riyaziyyat müəllimliyinə marağın yüksək olması ilə bağlı verdiyi açıqlama geniş müzakirələrə səbəb oldu.

Məleykə Abbaszadənin sğzlərinə görə, bu il ilk dəfə Bakı Dövlət Universitetinin riyaziyyat müəllimi ixtisası üzrə keçid balı hüquqşünaslıq ixtisası üzrə keçid balından daha yüksək olub. O bunu ictimai fikirdə müəllimliyə olan istəklə və bu ixtisasın prestijinin yüksəlməsilə əlaqələndirib.

Amma cəmiyyətdə əks-arqumentlər də səsləndi. Gedən müzakirələr zamanı Bakı Mühəndislik Universitetinin bu ixtisasla bağlı plan yerini boş qoyması və ADA-da riyaziyyat müəllimliyi ixtisası açılması da vurğulandı.

Bəzi ekspertlər isə riyaziyyat müəllimliyi balının hüquqşünaslıqdan daha yüksək olması səbəbini rəqəmlərlə izah edirlər: “Ötən il I ixtisas qrupu üzrə 550-700 bal arası 1224 nəfər nəticə göstərmişdi, bu il isə bu arealda, yəni 550-700 bal arası 1942 nəfər nəticə göstərib.

Ötən il III ixtisas qrupu üzrə 550-700 bal arası 1547 nəfər nəticə göstərmişdi, bu il isə bu arealda, yəni 550-700 bal arası 995 nəfər nəticə göstərib”.

Maraqlıdır, riyaziyyat müəllimliyinin balının hüquqşünaslıqdan daha yüksək olmasında daha hansı arqument əsas rol oynayır?

Təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a bildirib ki, I ixtisas qrupunda riyaziyyat fənnində yüksək balla abituriyentlərin qəbul olunması fənnin nüfuzunun artması və yaxud riyaziyyat müəllimi peşəsinə marağın artması kimi qiymətləndirmək doğru deyil.

O hesab edir ki, bu, süni şəkildə yaranan prosesin nəticəsidir: “I ixtisas qrupunda bu il yüksək bal toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur. Bu, ümumilikdə belədir. İxtisas seçimi zamanı baxırdıq ki, abituriyentlər müəllimlik ixtisasına meyllənməkdə demək olar ki, maraqlı olmurdular. Tutaq ki, hüquq fənnindən daha çox bal toplayan abituriyentin bu ixtisası seçməsini bu fakültənin nüfuzunun artması kimi başa düşmək yanlışdır. Çünki eyni universitetdə eyni ixtisasa 375 balla ödənişsiz qəbul olmaq olur.

Rəqəmlərə baxanda görürük ki, I ixtisas qrupunda 530-dan çox bal toplayan abituriyentlərin sayı 2300 nəfərdən çoxdur. Amma III qrupda bu il yüksək ballı abituriyentlərin sayı təxminən 1300 nəfər civarında olub. Burada təbii olaraq seçimdə hüquq riyaziyyatdan bir neçə bal aşağı olmalı idi. Digər tərəfdən hüququn plan yeri 320, riyaziyyat müəlliminin plan yeri 140-dır. Hüquqa qəbul olan 140-cı abituriyentin balının nə qədər olduğuna baxsaq görərik ki, riyaziyyatdan yuxarıdır”.

Ekspertin müşahidələrinə görə, ixtisas seçimi zamanı elektron ərizəsində birinci yerdə hüququ yazanlarla, riyaziyyat müəllimi yazan abituriyentlər arasında kifayət qədər fərq var: “Elektron ərizəsində müəllimliyi birinci yazanlar, hətta ən az balla belə hüququ yazanlardan dəfələrlə azdır. Birmənalı şəkildə 530-dan çox bal toplayan abituriyentlərin riyaziyyata qəbul olmasını ixtisasın nüfuzunun artması kimi başa düşməməliyik. Bu il I qrup üzrə yüksək bal toplayan abituriyentlərin sayı çox idi. Bu, həmin ixtisasa qəbul olanların balını artırır.

Başqa bir misal çəkim. Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının keçid balı 684 olub. Yeni bir ixtisas və yeni bir universitet, amma ən yüksək bal formalaşıb. Yəni, bu, sadəcə seçimdən asılıdır.

Bu gün müəllimlik populyar peşələr sırasında I qrupda yoxdur. Çünki I qrupda digər alternativ ixtisaslar var. Bu gün riyaziyyat müəllimliyi neft və qaz ixtisaslarından daha öndədir. Amma riyaziyyat müəllimliyi ixtisası bir çox universitetlərdə yoxdur. Hazırda riyaziyyat müəllimliyi ixtisası Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Xəzər və Bakı Qızlar Universitetində var.

Hüquqla riyaziyyat müəllimliyinin plan yerlərini müqayisə etsək, bunun süni artım olduğunu görə bilərik. Bu, maraqdan ibarət deyil, sadəcə abituriyentlər elektron ərizələrində riyaziyyat müəllimliyini 6, 7 və ya 8-ci yerlərdə yazıblar ki, bu ixtisasa qəbul olmasalar, heç olmasa informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyinə daxil olsunlar.

Doğrudur, son illər Azərbaycanda müəllimlik nüfuzunun artırılması istiqamətində böyük işlər görülüb. Yüksək balla müəllimliyə daxil olanlara əlavə təqaüdlər verilir. Müəllimlərin işə qəbul prosesi şəffaf həyata keçirilir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər