Ağdam rayonu Qaradağlı kəndindən olan Vətən müharibəsi şəhidi İsizadə Elvin Azim oğlunun doğum günü qeyd edilib.
Teleqraf.com xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Elvin İsizadənin valideynləri, təhsil aldığı Qaradağlı kənd tam orta məktəbinin və musiqi məktəbinin kollektivləri əvvəlcə Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında onun məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qaradağlı kəndində davam edən tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Elvin İsizadənin qısa, lakin mənalı həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, şəhid İsizadə Elvin Azim oğlu musiqiçi idi. Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvin sevimli tarını silaha dəyişərək haqq savaşına qoşulub. Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib. Arzusu cəbhədən qayıtdıqdan sonra Konservatoriyada oxumaq, tar ifaçılığı üzrə tanınmış şəxs olmaq idi. Bütün arzularını, həmçinin canını Vətənə qurban verən gənc musiqiçi oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Elvin İsizadə Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Elvin və onun kimi Vətən oğullarının xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Tədbirdə məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.