7 Sentyabr 2022 11:56
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Vüqar doktor, hazırda Azərbaycanda koronavirusla əlaqəli epidemioloji vəziyyət necədir?

- Ölkəmizdə epidemioloji vəziyyət tam nəzarət altındadır. Yəni epidemioloji cəhətdən təhlükəli bir şey yoxdur. Ötən aylarla müqayisədə yoluxma sayında nisbətən artım olsa da, ölüm halları demək olar ki, sıfır səviyyəsindədir. Buna görə də narahat olmağa, panikaya düşməyə heç bir əsas yoxdur.

Amma havaların soyuması, qış fəslinin yaxınlaşması ilə əlaqədar qarşıdakı aylarda nisbətən artım müşahidə oluna bilər. Nəzərə almaq lazımdır ki, bu, COVID-19-un mutasiya olunmuş variantıdır. Hazırda yayılan Omikron ştammı və Omikrondan mutasiya olunmuş yeni variantların yoluxuculuq qabiliyyəti yüksək olsa da, xəstəlik həddən artıq yüngül keçir, ölüm halı demək olar ki, müşahidə edilmir.

Mutasiyaya uğramış virusların xəstəliktörətmə qabiliyyəti həddindən artıq aşağıdır. Xəstələr xəstəliyi bir-iki gün yüngül qızdırma ilə keçirir. Hətta yaşlı insanlar belə, COVİD-in mutasiya olunmuş variantını demək olar ki, yüngül başa vurur. Ağırlaşma halları müşahidə edilmir.

- Bəzi ölkələrdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ictimai yerlərdə, qapalı məkanlarda maska tətbiqinə başlanıb. Sizcə, Azərbaycan da hansısa qabaqlayıcı tədbirlər görülməlidirmi?

- İstər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində yoluxma sayında artım varsa, epidemik vəziyyətin nəzarətdən çıxmaması üçün qabaqlayıcı profilaktik tədbirlər aparılmalıdır. Bu da ciddi tədbirlər deyil. İlkin olaraq insanların ictimai yerlərə və qapalı məkanlara az getmələri, maskadan istifadə etmələri, qızdırması olan şəxslərlə əlaqənin kəsmələri kimi qadağalar epidemik vəziyyəti nəzarət altına alan vasitələrdir.

Heç şübhəsiz havaların soyuması, eləcə də qış fəslinin yaxınlaşması ərəfəsində, qeyd etdiyimiz kimi, yoluxmaların sayında nisbətən artım müşahidə olunacaq. Amma əvvəlki illərlə müqayisədə xəstəxanaların həddən artıq dolması, ağır xəstələrin sayının çoxalması kimi hallar gözlənilmir. Çünki insanların böyük əksəriyyəti xəstəliyi keçirib və vaksinasiya olunub. Əksəriyyətdə bu xəstəliyə qarşı immunitet formalaşıb. Hesab edirəm ki, infeksiyanın əvvəlki illərdəki kimi geniş yayılması, ağırlaşma verməsi, ölüm hallarının çoxalması bir daha müşahidə edilməyəcək.

- Əvvəlki yoluxmalarla indiki arasında hansı hal özünü daha qabarıq göstərir?

- Əlbəttə, COVID-19 virusunun özü və Delta variantları kifayət qədər ağır gedişli xəstəliklər oldu. Hazırda Omikron və onun mutasiya olunmuş çoxsaylı variantları özünü çox zəif əlamətlərlə büruzə verir. Klinik əlamətlərində heç bir dəyişiklik yoxdur, sadəcə virusun davam etmə müddətində və ağırlıq dərəcəsində fərq var.

COVID-19-un və Delta variantları xəstəlik daha ağır getdiyi üçün müalicə müddəti uzun çəkirdi.

Amma son mutasiya olunmuş variantlarda xəstəlik 3-5 gün davam edir və 90-95 faiz yüngül gedişli olur.

- Pandemiya dövründə belə bir ifadə var idi: “biz bu virusla yaşamağa davam etməliyik”. Hazırkı dönəmdə bu ifadənin hökmü qalırmı, yoxsa bitib?

- Bəli, bu virus cəmiyyətimizi tərk etməyəcək, o da canlı bioloji varlıqdır. Ümumiyyətlə, koronavirusun müxtəlif növləri min illərlə olub. Sadəcə, COVID-19 2019-cu ildə əmələ gələn yeni bir növdür. Qrip və digər kəskin respirator virus infeksiyaları kimi, onlar da həyatımızın bir parçası olacaq.

Ola bilsin ki, hər qış mütəmadi yoluxmalar müşahidə edilsin. Necə ki, insanlar hər qış yoluxduğu qripi ciddi xəstəlik hesab etmir, ona təşvişlə yanaşmır, COVID-19-a da münasibət belə olacaq.

Xırda bir müqayisə aparaq. İki il əvvəl insanlar koronavirusa necə yanaşırdı, indi necə? Əvvəl insanlar COVID-dən çox, təşvişdən dünyasını dəyişirdi. Artıq insanlar xəstəliyi o qədər də ciddiyə almırlar.

- Koronavirusun alovu sönsə də, insanda qoyduğu izləri davam edir. Məsələn, bir il əvvəl virusa yoluxub sağalıb, amma iybilmə qabiliyyəti bərpa olunmur. Tibdə bunun müalicəsi varmı?

- Təəssüf ki, dünyada elə preparat yoxdur, iybilməni bərpa etsin. Bunun üçün təmiz havada gəzmək, vitaminli yeməklər qəbul etmək, istirahət eləmək, stressdən uzaq olmaq lazımdır ki, orqanizm özü-özünü reabilitasiya etsin. Dünyada bunun müalicə taktikası işlənib hazırlanmayıb.

- Yaz aylarında fəsil dəyişkənliyi ilə əlaqədar insanların immuniteti nisbətən zəifləyir. Səhiyyə Nazirliyi də ötən gün daha çox uşaqlar arasında epidemiya şəklində yayılan rotavirus xəstəliyi barədə çağırış etdi. Bu, mövsüm üçün xarakterik xəstəlikdir?

- Rotavirus yeni bir infeksiya deyil, xəstəliyin 100 il əvvələ qədər tarixi var. Bu infeksiya bütün ölkələrdə müşahidə edilib. Sadəcə, son 10 illikdə laboratoriya sahəsində diaqnostik avadanlıqların sürətlə inkişaf etməsi bu virusların diaqnozunu asanlaşdırıb.

Rotaviruslar əsasən uşaqlar arasında yayılır, paralel olaraq böyüklərdə də müşahidə olunur. Xəstəlik ciddi nəticələrə səbəb olmasa da, 2-3 gün ərzində uşaqlarda hərarət, qarın ağrısı, qusma kimi diskomfort verir.

- Sentyabrın 15-dən yeni tədris ili başlayır. Məktəblərdə, ictimai yerlərdə sıxlıq artacaq. Sizcə, uşaqların gigiyenik qaydalara əvvəlki kimi ciddi riayət etməsinə ehtiyac varmı?

- Təbii ki, dərslər açılanda təmaslar da artacaq, şəhərdə müəyyən sıxlıq olacaq. Bu isə yoluxmaların nisbətən artmasına səbəb ola bilər. Hər kəs özünü qoruyursa, deməli, ətrafdakıları da qoruyur. Hər halda insanlar qapalı, əhalinin sıx olduğu yerlərdə özlərini qorumalı və profilaktik məqsədlə maskalardan istifadə etməlidirlər.

Təbii ki, dövlət səviyyəsində yekun qərar vermək Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir.

- İndi adi qripin daha çox yayılıdığı məqamdır. İnsanlar adi qriplə koronavirusu necə ayırd etməlidirlər?

- Adi virusla koronavirusu klinik cəhətdən ayırd etmək çox çətindir. Bəzən bu virusları həkimlər bir-birindən ayıra bilmir. Sadəcə, hərarət bir-iki gün davam edərsə, mütləq koronavirusa görə test verməlidirlər. Xəstə mütləq həkim nəzarətində olmalıdır. Xəstə COVID ola bilər, amma ciddiyə almaz. Günlər keçdikcə proses dərinləşər, sonra gec olar. Ona görə də temperatur olan ilk gündən həkimlə məsləhətləşmək lazımdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər