Hər il olduğu kimi, bu il də dövlət paytaxtda bir neçə metro stansiyasının çıxışında məktəbli ləvazimatlarının satış yarmarkasını təşkil edib. Qurulan çadırlarda müxtəlif çeşidli çantadan tutmuş, su, qələm qablarına qədər hər şeyi almaq mümkündür.
Teleqraf.com məktəb ləvazimatlarının satıldığı çadırlarda olub, qiymətlərlə maraqlanıb.
Satıcıların sözlərinə görə, yarmarka avqustun ortalarından fəaliyyətə başlasa da, alıcıların aktivliyi sentyabrın əvvəlindən müşahidə olunur. Satıcılar söhbət zamanı yarmarkada təklif olunan ləvazimatların qiymətinin mağazalarla müqayisədə ucuz olduğunu bildiriblər: “Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman böyük endirimlər edirik. Bəzən bir məhsula da endirim edirik. Valideynlər razı qalır. Məktəbli formasından başqa, məktəbliyə aid olan bütün ləvazimatların satışı yarmarkalarda təşkil olunur”.
Müşahidə etdik ki, yarmarkada satılan məktəbli çantalarının qiyməti 15 manatdan başlayıb, 50 manata qədər dəyişir.
Digər ləvazimatların qiymətləri aşağıdakı kimi idi:
Qələm qablarının qiyməti 3-15 manat, qələmlər 10 qəpik-2 manat, yapışdırıcı 50 qəpik, rəngli karandaşlar 3-12 manata, sadə karandaşlar 20-40 qəpik arasında dəyişilir. Pozanlar 30-40-50 qəpiklə 1 manat arası təklif olunur. Qiymətlər keyfiyyətinə və firmasına görə fərqlənir.
12 vərəqli dəftər 15 qəpik, vərəq sayına görə dəftərlər 1,50-3 manata satılır.
Su qabları 5 manat, termoslar 10 manatdan 17-18 manata kimi təklif olunur.
Yarmarkada müxtəlif kitablar, hazırlıq üçün test vəsaitləri, məktəbəqədər kitablar da satılır. Kitabların qiymətləri üzərlərində qeyd olunub.
Qiymətlərin valideynləri qane edib-etməməsi ilə maraqlanırıq. Alış-veriş üçün yarmarkaya gələn ana adi bir qələmqabının 10 manata satılmasından gileylənir: “Almasaq olmur, amma qiymətlər qaneedici deyil. Bəzən bir məhsul alanda heç endirim olunmur”.
Yarmarkalar sentyabrın 25-ə qədər fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, bu il Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ni təsdiq edib.
"Bakı Tikiş Evi" (BTE) ASC tərəfindən yeni məktəbli formalarına qoyulan qiymətlər aşağıdakı kimidir:
Uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manata, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur. Ümumi məktəbli forması dəstinin (şalvar-köynək, köynək-ətək) qiymətinin 39 manat civarındadır.
Belə nəticəyə gəlmək olar ki, yeni tədris ilində hər bir valideyn bir şagirdi məktəbə göndərmək üçün dərs vəsaitlərin də əlavə etsək, ən azı 250-300 manat xərc çəkəcək.