“Xural TV”nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Əvəz Zeynallının barəsində verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edib. O, 2022-ci ilin avqust ayında onun müdafiəçisi, Vəkillər Kollgiyasının üzvü Elçin Sadıqovun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Elçin Sadıqovun barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə ittiham elan edilib.
Həm Əvəz Zeynallı, həm də Elçin Sadıqov itithamları qəbul etmir.