Dekabrın 7-də ADA Universitetində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys müsabiqəsinin final mərhələsi keçirilib. Teleqraf.com xəbər verir ki, İctimai Birliyin sədr müavini Aynurə Piriyeva layihənin məqsədinin müsabiqəyə qoşulmuş tələbələrin iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə gənclərə dəstək vermək, onların ölkənin biznes mühitinə cəlb olunmasında vasitəçilik etmək olduğunu deyib.
Ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandalarının iştirakı ilə 2002-ci ildən keçirilən Azərbaycan Biznes Keys müsabiqəsində gənclər maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə qazandıqları biliklərin tətbiqi yolu ilə real biznes problemlərini həll edirlər. Onların işləri Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.Bildirilib ki, İctimai Birlik 2013-cü ildə layihəni genişləndirərək beynəlxalq layihəyə çevirmək öhdəliyini öz üzərinə götürüb.
Bu ildən oxşar məzmunlu layihə Gürcüstan Təhsil və Elm Nazirliyinin dəstəklədiyi “British American Tobacco” şirkəti tərəfindən həyata keçirilir.Azərbaycanın ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs tələbələrindən və ya magistratura pilləsində təhsil alanlardan ibarət ümumilikdə 29 komanda İctimai Birlik tərəfindən seçilərək layihədə iştirak etmək hüququ qazanıb. Eyni zamanda, “British American Tobacco” Gürcüstanın müxtəlif ali təhsil ocaqlarını təmsil edən komandaların müsabiqədə iştirakına şərait yaradıb. Azərbaycanlı tələbələrdən ibarət 4, gürcü tələbələrdən təşkil olunmuş 2 komanda finala keçmək uğrunda mübarizə aparıb. Müsabiqənin qalibi Azərbaycan Dövlət İqtisad Universiteti olub.
Qeyd edək ki, layihə PASHA Bank, Azercell, bp, ExxonMobile, P&G, SOCAR-AQS, Deloitte, Ernst&Young, British American Tobacco Caucasus şirkətləri tərəfindən maliyyələşib. Azərbaycanın Təhsil, Gürcüstanın Təhsil və Elm nazirlikləri tərəfindən dəstəklənən layihənin akademik tərəfdaşı ADA Universitetidir. Layihənin media dəstəyini isə ABŞ-ın Bakıdakı səfirliyi həyata keçirir.