Andorra şirkətləri Azərbaycanla əməkdaşlıq niyyətindədir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə Andorra Knyazlığının xarici işlər naziri Maria Ubac Font Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
C.Bayramov iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və Andorra ilə bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğumuz diqqətə çatdırılıb. Nazir görüş zamanı, qarşı tərəfə bölgəmizdə post-münaqişə dövründə yaranmış son vəziyyət barədə məlumat verib.
Maria Ubac Font Azərbaycan ilə Andorra arasında münasibətlərdən məmnunluğunu bildirib. O, hər iki ölkənin dağlıq ərazidə yerləşdiyini nəzərə alaraq, bir sıra beynəlxalq təşkilatlarda bu istiqamətdə mövcud forumlarda əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını diqqətə çatdırıb. Andorranın xarici işlər naziri Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğu baxımından yerli şirkətlərin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında müzakirələr aparılıb.