9 ildir cıdır yarışlarının keçirilmədiyi Bakı Cıdır meydanında cins atlarımız taleyin ümidinə buraxılıb.
Teleqraf.com xəbər verir ki, atların qalmalı olduğu tövlələr fərqli təyinatlar üçün istifadə olunduğundan Dilboz cinslər açıq havada gecələməli olurlar. Onlar yayda istidən, yaz və payızda intensiv yağan yağışdan, qışda isə soyuqdan, şaxtadan əziyyət çəkirlər.
Onlarla Dilboz atı Cıdır rəhbərliyinin onlara nə vaxt qayğı göstərəcəyini səbirsizliklə gözləyirlər.
At sahibləri bildirirlər ki, Kənd Təsərrüfatı Nazirliyinin balansında olan və 2031-ci ilə qədər Atçılıq Federasiyasına icarəyə verilən Cıdır meydanında yarışların keçirilməməsi bir yana, atların bəslənməsi üçün lazım olan şərait yaradılmayıb.
At yetişdiriciləri onu da qeyd edirlər ki, Gənclər və İdman Nazirliyinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatı Uşaq-Gənclər İdman Məktəbi 20 atlıq tövləni istifadəyə götürüb, ora preslənmiş ot yığıb. Atlar isə qalıb çöldə.
"Təhlükəsizlik qaydalarına əməl olunmayıb. Əgər orada yanğın baş versə, atlarımız məhv olacaq", deyən sahibkarlar özləri atlar üçün müvəqqəti tövlə düzəltmək məcburiyyətində qalıblar.
Atçılar aidiyyəti qurumlardan məsələyə müdaxilə etmələrini və problemi tezliklə aradan qaldırmalarını xahiş edirlər.