“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi 91 nəfər müharibə iştirakçısına hüquqi konsultasiya xidməti göstərilməsini təmin edib.
Teleqraf.com xəbər verir ki, təşkilatın rəhbəri Xalid Kazımovun sözlərinə görə, təşkilat Bərdə, Yardımlı və Biləsuvar rayonlarında vətəndaşların qəbulunu aparıb: “Layihə çərçivəsində hüquqşünasın Yardımlı və Biləsuvar rayonlarına səfəri təşkil olundu. Yardımlı rayonunda 16, Biləsuvar rayonunda 17 nəfər müharibə iştirakçısı qəbul edilərək onlara hüquqi konsultasiya xidməti göstərilib. Bundan başqa təşkilatın Bərdə rayonundakı ofisində, həmçinin, “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə müraciət edən şəhid ailələri, qazilər və müharibədən zərər çəkən 58 nəfərə hüquqi konsultasiya xidməti göstərilib.
Daxil olan müraciətlərdən 17-si Müharibə Veteranı adının verilməməsi, 16-sı işlə təminat, 9-u mənzil və həyətyanı torpaq sahəsi ilə təminat, 8-i əlillik təyinatı, 5-i müayinə və müalicə, 3-ü avtomobil verilməsi, 3-ü təltif edilmə, 3-ü dələduzluğua məruz qalma, 2-si əlilliyin təyin edilməsindən imtina, 1-i pensiya təyinatı, 1-i şəhid statusunun verilməməsi ilə bağlı olub.
Müraciətlərdən 14-ü isə sosial hüquqların təminatı ilə bağlı digər məsələləri əhatə edib. Dövlət qurumlarına göndərilən müraciətlərdən indiyədək 39-na cavab verilib. 1 nəfərə Müharibə Veteranı adının verilməsinə nail olunub. Məhkəmədə qaldrılan 2 iddia üzrə məhkəmə prosesləri davam etdirilir”.
X.Kazımovun sözlərinə görə, layihə müddəti bitsə də, başlanılan işlər sona çatdırılanadək nəzarətdə saxlanılacaq. Həmçinin, davamlı olaraq müharibədə zərər çəkən şəxslərə hüquqi konsultasiya xidməti göstəriləcək.
Qeyd edək ki, bu fəaliyyət Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Müharibədən zərər çəkən və digər aztəminatlı şəxslərə hüquqi dəstək” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi şəhid ailələri, qazilər, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər və digər aztəminatlı şəxslərə hüquqi konsultasiya xidmətinin göstərilməsi, məhkəmədə müdafiəsinin təşkili ilə hüquqlarının qorunmasına dəstək vermək olub.