Tarix elmləri doktoru Aydın Balayevin "Fərqli və ziddiyyətli M.F.Axundov - əqidəli rusofil, İran aşiqi və azərbaycanlı kimliyinin təkanvericisi" kitabı nəşr edilib.
Teleqraf.com xəbər verir ki, JekoPrint Çap Evi tərəfindən çap edilən kitab Axundovun bu gün "azərbaycanlılar” və ya "Azərbaycan türkləri” adlandırdığımız toplumun milli kimliyinin formalaşması prosesindəki rolunun araşdırılmasına həsr edilib.
Bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə və Azərbaycanlıların milli kimliyinə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən sonuncudur.
Müəllifə görə, özünü iranlı hesab edən və İrana aid hər şeyə xüsusi sevgi və həssaslıqla yanaşan Axundov, nə qədər qəribə olsa da, fəaliyyəti ilə Şimali Azərbaycan əhalisinin yüzilliklərlə davam edən İran təsirindən qurtulması proseslərinə təkan verib.
Kitabda həmçinin M.F.Axundovun fəaliyyəti fərqli yönlərdən araşdırılır.
Kitab tarixçilər, etnoloqlar, politoloqlar və milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O doxsanadək elmi əsərin müəllifidir. Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.