"Azərsu" ASC qış mövsümünə hazırlıqla bağlı işləri yekunlaşdırıb.
Telqraf.com xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, səhmdar cəmiyyətinə məxsus bütün qurğu və xətlər yoxlanılıb, qışa tam hazır vəziyyətə gətirilib.
"Qışa hazırlıqla bağlı sentyabr ayından başlayaraq kanalizasiya kollektorlarının, yağış barmaqlıqlarının kanalizasiya baxış quyularının təmizlənməsi, yuyulması işlərini həyata keçirmişik, kanalizasiya-nasos stansiyalarının, ordakı aqreqatların, nasosların hamısının vəziyyətini yoxlamışıq. Hazırda kollektorların yuyulması davam edir.
Su təchizatı ilə bağlı qışda elə bir problemimiz yaşanmır. Yalnız müəyyən şaxtalı günlərdə donma ehtimalı ola bilər. Bu məsələ də bizim mərkəzləşmiş şəbəkə qurularkən əvvəlcədən nəzərə alınıb. Xətlərin hamısı torpağın 90 santimetr və ya 1 metr daha dərininə basdırılır ki, burda donma ehtimalı demək olar ki, olmur. Həmin günlərdə qarşılaşacağımız müraciətlər daha çox həyət evlərindən, vətəndaşların yaratdığı fərdi şəbəkələrdən olur. Ümumilikdə deyə bilərik ki, qışa tam hazırıq", - o deyib.
"Qış aylarında Abşeronda və bölgələrdə istər yağıntılı, istərsə də şaxtalı günlərdə əhalinin içməli su təchizatı və tullantıların idarə olunması ilə bağlı vəziyyətin idarə olunması məsələsi "Azərsu"yun tam nəzarətindədir", - A.Cəbrayıllı əlavə edib.