“Bu gün ən çox şikayət edilən qurumlardan biri məhkəmələrdir. Hətta polis və prokurorluq bir işi səhv aparanda bu da sonda məhkəməyə gəlir və orada qərar verilir. Odur ki, məhkəmə sistemi olduqca əhəmiyyətlidir. Vətəndaş məhkəmədən narazı qalmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycandan Avropa məhkəmələrinə şikayətlər daxil olur: “Nəticədə dövlətimiz ayrı-ayrı vətəndaşlarımıza kifayət qədər kompensasiya ödəyir. Amma burada söhbət işin mahiyyətindən deyil, prosesin düzgün aparılmamasından gedir. Düzgün aparılmayan prosedur varsa, çıxarılan qərar ədalətli ola bilməz. Hesab edirəm ki, hakimlər buna diqqətlə yanaşmalıdır”.
Novruzov vurğulayıb ki, ümumi götürdükdə hər bir prosesdə təcrübənin böyük əhəmiyyəti var: “Azərbaycan Prezidentinin göstərişi ilə yaxşı məhkəmə binaları tikilib, şərait yaradılıb. Amma burada keyfiyyət əsas məsələdir. Vətəndaşlarımızın razı salınması sizdən asılıdır. Ötür-ötür məsələsi də var. Bu ona ötürür, o buna ötürür. Sonra Ali Məhkəmə işə baxır və yerli məhkəməyə qaytarır. Beləcə illərlə vətəndaş süründürülür. Məncə, buna da diqqət edilməlidir. Lazım gəlsə, tənbeh tədbirləri də olmalıdır. Yoxsa məndən çıxdı getdi o biri məhkəməyə - belə olmaz".