Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkə boyunca “Milli adət ənənələrimiz və müasirlik” adlı silsilə tədbirlərə start verib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, Astara şəhərində keçirilən tədbirdə birliyin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, layihənin əsas məqsədi ölkə vətəndaşlarına, xüsusilə gənclərə milli vətənpərvərlik ruhunun aşılanması, milli adətlərimiz, eləcə də mənəviyyata söykənən insani prinsiplərin təbliğidir. Onun sözlərinə görə, hazırda bu istiqamətdə dövlət tərəfindən müəyyən addımlar atılır: “Biz də təşkilat olaraq, dövlət siyasətinin milli-mənəvi dəyərlərlə bağlı prioritet istiqamətlərinin vətəndaşlara çatdırılmasında həyata keçirilən maarifləndirmə işlərinə dəstək oluruq”.
S.Əzimbəyli bildirib ki, Azərbaycan ikinici dəfə öz müstəqilliynə qovuşduqdan sonra milli və mənəvi dəyərlər sisteminin inkişafında ümumilli lider Heydər Əliyev tərəfindən mühüm addımlar atılıb: “Azərbaycanda dini və milli bayramlara rəsmi status verilməsi dövlətin diqqət və qayğının göstəricisidir. Prezident İlham Əliyev tərəfindən atılan addımlar da Azərbaycan dövlətinin milli adət-ənənələrinə sahib durmasının əyani göstəricisidir. Tolerantlıq nümunəsi olan Azərbaycan indiki bir məqamda bir sıra xarici ölkələrin, o cümlədən Avropanın diqqət mərkəzindədir. Bu məsələdə dövlət siyasətinin ölkədə və dünyada həyata keçirilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi lazımi tədbirlər həyata keçirilir”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu gün dövlət tərəfindən milli və mənəvi dəyərlərin qorunması, adətlərimizin mühafizəsində müsbət addımlar atılır. Onun sözlərinə görə, həm də Azərbaycanda təkfirçi qüvvələrin qol-qanad açmasına imkan verilmir: “Çünki artıq vətəndaşlarımız, o cümlədən gənclərimiz doğru maarifləndirmə işi nəticəsində nələrin yanlış, nələrin doğru olduğunu aydın şəkildə başa düşür”.
Qeyd edək ki, tədbirdə Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin Astara şəhəri üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Kijəbə qəsəbə məscidinin dini icmasının sədri və imamı Ələkbər İsayev və ictmaiyyət nümayəndələri iştirak ediblər və mövzu ətrafında fikir mübadiləsi aparıblar.
BƏXTİYAR