Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Ağcabədi rayonunda Ağcabədi, Bərdə, Beyləqan, Tərtər, Goranboy və Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, adları çəkilən rayonların şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 25-dək vətəndaşın müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib.
Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Qəbul zamanı bütün müraciətlərə baxılıb və qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
Daşqın Abdullayev