Layihəmizdə ötən yazı tədqiqatçı Nizaməddin Onk bəyin İrəvanlı Aşıq Alxas haqqındakı məqaləsi idi. Bu dəfə isə Nizaməddin bəyin “Kars eli” jurnalında Aşıq Məhəmməd haqqında dərc olunan yazısını dilimizə uyğunlaşdıraraq təqdim edirik.
(Tədqiqatçı İslam Ələsgərlinin yazdığına görə, Aşıq Məhəmməd təxminən 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. O, Aşıq Ələsgərin qardaşıdır. Bir müddət çobanlıq etdiyinə görə, ona “Çoban Məhəmməd” də deyiblər. Məhəmməd xalq arasında istedadlı el şairi kimi tanınıb. Şeirləri vaxtında yazıya alınmadığına görə, çoxu unudulub. Ancaq bir çox şeirləri aşıqlarımızın dillərinin əzbəridir. Məhəmmədin bir neçə dastanı da qalıb. “Məhəmməd və Sərv Xuraman” (“Məhəmmədin Qars səfəri”) dastanı da məşhurdur.
Məhəmmədin şeirləri üslubuna görə Aşıq Ələsgəri şeirlərinə yaxındır. Hətta bəzi şeirlərin Ələsgərinmi, yoxs Məhəmmədinmi olması mübahisəlidir. Şair Məhəmməd 1918-1921-ci illərdə qaçqın olduğ zaman Kəlbəcərdə yaşayıb. Göyçəyə qayıtdıqdan sonra bir müddət xırda alverlə məşğul olub, daha sonra isə bir dəyirman sazlayaraq ailəsini dolandırıb. Kolxoz quruluşu zamanı dəyirmanı kolxoza qoyub, ölənə qədər dəyirmançılığına davam edib. Şair Məhəmməd 1937-ci ilin yayında vəfat edib, Aşıq Ələsgərin qəbrinin yanında dəfn olunub. Şair Məhəmmədin əldə olunan şeirləri əsasında “Çoban Məhəmməd” adlı şeirlər kitabı 2009-cu ildə AMEA Folklor İnstitutu tərəfindən çap olunub).
Əvvəlini burdan oxuya bilərsiniz.
***
Göyçəli Aşıq Məhəmməd və qış
Göyçəli Aşıq Məhəmməd Aşıq Ələsgərin qardaşıdır. O da yörənin tanınmış ozanlarındandır. Deyişlərinin mövzularını xalq ruhu təşkil edir, xalqının duyğularına tərcüman olurdu.
Doğu Türk ellərinin qışdan davamlı zərər gördükləri məlumdur. Bu zərərlər bəzən hesablanmadıqda tarixi fəlakətlər yaratdığı kimi təsirli tədbirlər hələ də görülmür. Məsələn, 90 minə qədər Türk igidinin ölümünə səbəb olan Sarıqamış fəlakətimizdən (15.12.1914-15.01.1915) hələ də dərs çıxarılmayıb, mühüm tədbirlər edilməyib. Biz mövzumuza geri qayıdaq.
Bir gün çox şiddətli qar yağır. Şiddətli fırtına olur. Bütün qış mövsümü belə davam edir, sonu gəlmir. Soyuqlar nə yanacaq buraxır, nə də heyvan yemi. Mal, davar yavaş-yavaş ölüb getməyə başlayır. Göyçəli Aşıq Məhəmməd üzünü xalqa tutub görək hadisəni necə dilə gətirir:
Bir qar yağdı Azərbaycan elindən
Çayların çeşməsi mismar olubdur.
Nə xırdası qaldı, nə də yekəsi
Çoluq-çocuq qar suyundan ölübdür.
Elə bir qar yağdı Qarsdan qabaqdan
Müxənnət çörəyi kəsdi tabaqdan
Öküzlər behini aldı sabahdan
Camışlar sabaha ilqar olubdur.
Mən də qanqal biçdim damlar boyunca
Payız verdim mallar yedi doyunca
Qollarım yoruldu nərlər soyunca
Bir maya var o da cilov olubdur.
Sənə qurban olum, atınnan qatır
Çəkmişəm dördünü küllükdə yatır.
İnəklər sirənək, danalar qotur
Bir yabı qalmışdı naldan olubdur.
Payız olcağ çökdü bir qara duman
Qışın yarısında qurtardı saman
Bir qotur keçiyə qalırdı güman
O da samanlıqda mundar olubdur.
Ağam, görməmişdik bir belə soyuq
Nagahdan yel əsdi, qurtardı toyuq
Bir hindi qalmışdı tülkülər boğub
Muştu olsun, o da mənnən olubdur.
Məhəmməd qulun der, halımız yaman
Qurtardı otumuz aman el-aman
Qar, boran qapıda, bir axır zaman
Oğul, uşaq hamı candan olubdur.
(“Kars Eli”, sayı 80, 1971)