28 Yanvar 2023 12:04
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti strateji əhəmiyyətli obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən “Azərenerji” ASC-nin Bakı və Sumqayıt Elektrik stansiyalarında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

"Strateji obyektlərin yanğın təhlükəsizliyi” mövzusunda təşkil olunan tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak ediblər.

Maarifləndirmə tədbirlərində elektrik stansiyasının açıq paylayıcı qurğusunda, elektrik transformatorlarında, kabel kanallarında yanğın təhlükəsizliyi tədbirləri, elektrik enerjisi istehsal edən generatorlar yerləşən maşın zalında avtomatik yanğın xəbərverici sistemlərinə və qaz analizatorlarına texniki qulluq, həmin qurğu və avadanlıqların istismarı qaydalarına dair söhbət aparılıb. Həmçinin, fövqəlad hal baş verdikdə, elektrik stansiyasının baş idarəetmə məntəqəsinin növbətçi mühəndis heyəti tərəfindən həyata keçiriləcək ilk əməliyyatlar, yanğınsöndürmə işləri zamanı təhlükəsizlik tədbirləri barədə məlumat verilib.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com