Bu yaxınlarda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan Universitetində sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Görüşün məqsədi Azərbaycanda həyata keçirilən sosial siyasətin müxtəlif aspektləri ilə bağlı tələbələri məlumatlandırmaq olub.
Bəs tələbələrin özləri ilə bağlı hansı sosial xidmətlər var?
Hətta hava nəqliyyatına da güzəşt olacaqdı
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması ayrıca bənd kimi göstərilib. Proqrama uyğun olaraq, Gənclər və İdman, Təhsil nazirliklərinə "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəşt kartları sisteminə qoşulmasına şərait yaradılması tapşırılıb.
Tapşırığa uyğun olaraq ölkə ərazisində lisenziya əsasında qanuni fəaliyyət göstərən həm özəl, həm də dövlət ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsində təhsil alan əyani və qiyabi tələbələrin hər birinə "Azərbaycan tələbə kartı" paylanması nəzərdə tutulub.
Proqrama görə, qanuni sənəd statuslu bu kartları daşıyan tələbələr güzəşt kateqoriyasına aid olunurlar.
Kartlar Gənclər və İdman Nazirliyi ilə müqavilə bağlayan ticarət, xidmət, iaşə obyektlərində keçərlidir. Hətta gələcəkdə bu kartların funksiyasının genişlənib ictimai nəqliyyatda, dəmir yolu, hava nəqliyyatında da istifadəsi gözlənilirdi.
"5-10 faiz güzəştə görə şəhərdən kənara çıxmaq sərfəli deyil"
Söhbət apardığımız tələbələr bildirdilər ki, bu kartlardan faktiki olaraq istifadə etməyiblər. Bakı Dövlət Universitetinin (BDU) tələbələrindən biri ilə söhbətimizdən məlum oldu ki, 2 il öncə karta sahib olub, amma ondan istifadə etməyib: "Kartla yanaşı, bir siyahı da təqdim edilmişdi. Xatırlayıram ki, siyahıda göstərilən ünvanlar şəhərdən kənarda idi və edilən güzəştlər 5-10 faizdən yuxarı deyildi. Bu isə onsuz da vaxtına qənaət etmək istəyən tələbəyə sərf eləmirdi".
Dövlət Neft Akademiyasının bir tələbəsinin sözlərinə görə, ona "Azərbaycan tələbə kartı" verilərkən bildirilib ki, bu kartlar Avropa ölkələrində fəaliyyət göstərən və Azərbaycanla müqaviləyə qoşulan müəssisələr üçün də keçərli olacaq: "Xaricdə olmamışam, amma burada mənə faydası dəymədi. Çünki siyahıda adı göstərilən müəssisələrin əməkdaşları bu kartla xidmətə maraqlı deyildilər".
Tərəflərin maraqlı olması üçün nə edək?
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Rəşid Mustafazadənin sözlərinə görə, güzəşt kartları universitetdə bütün tələbələrə verilib və bu kartlardan istifadə edənlər az da olsa, var.
Onun sözlərinə görə, kartlardan istifadəyə hər iki tərəf maraqlı olsa, tətbiqi genişlənər: "Bildiyimiz kimi, bu endirim kartları şəhərimizin bir çox alış-veriş, kafe və digər obyektlərində ayrı-ayrı faizlər üzrə keçərlidir. Əlbəttə, tələbələr üçün 10-15 və daha çox faizlik endirimlər heç də az deyil.
Doğrudur, istifadə edənlər var, lakin bu, gözlənilən qədər geniş yayılmadı. Bunun əsas səbəbi həm tələbələrin, həm də qarşı tərəfin, yəni satıcıların, servis nümayəndələrinin ona maraq göstərməməsi, həvəssiz yanaşmasıdır".
Güzəşt kartı avtobus sürücüsünün düşmənidir
Qeyd edək ki, müstəqillik illərinin ilk başlanğıcında təqaüdçülərə, müharibə veteranlarına, müəllimlərə, jurnalistlərə, şəhid ailələrinin üzvlərinə və əlillərə ictimai nəqliyyatda gedişhaqqına güzəşt şamil olunurdu. Hazırda ictimai nəqliyyatda yalnız polislərə güzəşt var.
Ekspertlər ictimai nəqliyyatda güzəştlərin ləğv səbəbini nəqliyyat sahəsinin özəlləşdirilməsində görürlər. Ancaq müəyyən mexanizm yaradıb güzəştləri bərpa eləmək elə də çətin deyil.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov hələ ötən il qəzetimizə bildirmişdi ki, avtobuslara vahid kart sistemini tətbiq etdikdən sonra bu məsələ müzakirə ediləcək. Çünki nəqd ödəniş sistemi olduğu üçün ictimai nəqliyyatda güzəşt mümkün deyil.
Sürücülərin intellektual idarəetmə sisteminə keçiddən sonra avtobuslarda vahid kart sisteminin tətbiqi gözlənsə də, bu gözlənti özünü doğrultmadı.
Tələbə güzəştlərində beynəlxalq təcrübə
Hazırda Polşa, Macarıstan, Rusiya, Almaniya, Türkiyə, ABŞ kimi ölkələrin ictimai nəqliyyatında güzəştlər tətbiq edilir. Qonşu Türkiyədə tələbələr şəhər nəqliyyatından yarı qiymətinə istifadə edirlər.
Rusiyada da tələbələrə nəqliyyatda güzəşt olunur. Başqa şəhərdən olan tələbələrə ildə bir dəfə evə pulsuz gedib-qayıtmaq hüququ verilir.
ABŞ-da da tələbələrə müəyyən güzəştlər var. Məsələn, nəqliyyatda, kitab mağazalarında, tələbə kafelərində, internet klublarında onlar başqalarına nisbətən az pul ödəyirlər. Həmçinin digər aztəminatlı təbəqələr üçün müxtəlif variantlardan istifadə olunur.
Ekspertlər cəmiyyətin aztəminatlı təbəqələrinə nəqliyyatda, eləcə də, digər sektorlarda güzəştləri məqbul sayırlar. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, güzəştlərin tətbiqi praktiki olaraq dünyanın əksər ölkələrində var, xüsusən tələbələrə məhz bu tip güzəştlər tətbiq edilir: "Tələbələrə təkcə nəqliyyatda güzəştlər olunmur. Məsələn, teatra, kinoya getmək üçün onlara aşağı qiymətə xidmət təklif edilir. Doğrudur, dünyanın heç bir yerində nəqliyyatdan pulsuz istifadə hüququ hər hansı bir kateqoriyaya verilmir. Burada söhbət müəyyən endirim faizlərindən gedir və bunun üçün də müəyyən kartlar olmalıdır".
Azərbaycanda xüsusən tələbələrə güzəşti vacib hesab edən iqtisadçı dedi ki, hazırkı reallıqda bunun tətbiqi üçün müəyyən çatışmazlıqlar var: "Güzəştlərin tətbiqi hökumətin üzərinə müəyyən öhdəliklər qoyur. Məsələn, nəqliyyat sektorunda, eləcə də, digər xidmət sahələrində özəl xidmətlər mövcuddur. Hər hansı özəl xidmət obyektinin, yaxud digər bir sahənin bu prosesə könüllü qoşulması inandırıcı deyil. Baxmayaraq ki, şirkətlərin sosial-korporativ məsuliyyət adlanan bir məsuliyyəti var, o cümlədən sosial layihələrə qoşulmaq istəyi mümkündür.
Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda şirkətlərin çox az qismi sosial-korporativ məsuliyyətə əməl edir. Ona görə də güzəştlər təklif edilən özəl şirkətlərə hökumətin müəyyən kompensasiyalar etməsinə ehtiyac var".
Sevil HİLALQIZI