"Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar xalqımızı olduqca kədərləndirib. Belə bir ağır gündə ölkəmiz Türkiyənin yanındadır. Ölkə prezidenti cənab İlham Əliyev qardaş Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib və Türkiyənin yanında olduğunu bəyan edib. Cənab Prezident eyni zamanda fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olaraq, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxışında bildirib ki, “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.
Əmiraslanov bildirib ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı: "Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik, Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq. Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar".
Komitə sədri qeyd edib ki, bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq: "Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb. Böyük bir qrup könüllü artıq yola düşüb. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəməyəcəklər. Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək.” Bu qardaşlıq münasibətinə görə Türkiyə Cumhuriyyəti prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “İlham qardaşıma, Mehriban xanıma öz adımdan, millətim adından çox-çox təşəkkür edirəm. Biz Qarabağda azərbaycanlı qardaşlarımızla necə bərabər idiksə, azərbaycanlı bacı-qardaşlarımız da bu çətin günümüzdə bizimlə bərabərdir. Onlar bizi bu çətin günümüzdə tək qoymadılar. Ailəm adından, bütün millətim adından Azərbaycan dövlətinə, xalqına minnətdarlıqlarımızı bildiririk. Biz bu gün də bərabərik, ölənə qədər də bərabər olacağıq, İnşallah. Bizim şüarımız “Bir millət, iki dövlət”dir. Elə bu şüarla da yorulmadan yolumuza davam edəcəyik” deməsi bir daha sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədədir".
"Tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir", - Əhliman Əmiraslanov qeyd edib.