21 Fevral 2023 16:20
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini söyləyib.

Komitə sədri, əvvəlcə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələni təqdim edib. O, Səadət Bəktaşinin məhkəmə sistemində fəaliyyəti barədə ətraflı məlumat verib. Onun öz peşəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib.

Əli Hüseynli Naxçıvanda həyata keçirilən islahatların həm də məhkəmə-hüquq sistemini əhatə etdiyini söyləyərək, bu baxımdan S.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduqda, öz təcrübəsindən istifadə edərək bu islahatlara öz töhfəsini verəcəyini deyib.

Komitə üzvləri Tahir Kərimli, Sabir Hacıyev, iclasda iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin hazırki fəaliyyətini və yeni təyinatını təqdirəlayiq hesab ediblər.

Sonra komitə sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edərək, məsələnin ikinci oxunuşda müzakirəsi zamanı deputatların bəzi məqamlarla bağlı qeyd və təkliflərinin olduğunu deyib. O, səsləndirilən fikirlərə münasibət bildirib, dəyişikliklərin dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsinə, kadr potensialının inkişaf etdirilməsinə, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına xidmət etdiyini söyləyib.

İclasda, həmçinin parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid millət vəkillərinin qaldırdıqları məsələlərlə bağlı fikirlərini açıqlayıb. O, layihədə dövlət orqanlarının strukturu ilə bağlı verilən anlayışlar, dövlət orqanlarının təsnifatı, dövlət qulluqçularının rotasiyası, onların fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluğuna qəbul, dövlət qulluqçularının elmi fəaliyyətlə məşğul olması və bir sıra digər məsələlərə toxunub.

Növbəti məsələnin - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, Məcəlləyə təklif edilən dəyişikliklər “Media haqqında” qanuna uyğunlaşdırmanı nəzərdə tutur. Bildirilib ki, bu qanunda olan anlayışlar - “media”, “televiziya və radio”, “proqram” ifadələri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində öz əksini tapır. Bununla yanaşı, Məcəllənin yeni redaksiyada verilmiş 381-ci maddəsində “Media haqqında” qanunda nəzərdə tutulmuş bütün inzibati xətalar ehtiva olunur, sanksiyalar isə olduğu kimi qalır.

Sonra Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib və məsələnin ikinci oxunuşu zamanı səsləndirilən bəzi fikirlərə münasibət bildirib.

Qanun layihəsi borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, bu sahədə borcalanların hüquqlarının qorunmasının təmin edilməsi, məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər