24 Fevral 2023 12:40
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyələrə verilən yaşıllıq ərazilər 2020-ci ildə təsdiqlənmiş elektron xəritələrə görə dövlət mülkiyyətinə verilib. Hazırda bələdiyyələrin o zamana qədər vətəndaşlara verdiyi torpaqların mülkiyyət hüququ ilə bağlı problemlər yaranıb”.

Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı parlamentin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

Rəşad Mahmudov deyib ki, Ədliyyə Nazirliyinin bu problemin həlli istiqamətində hansı işlər gördüyünü bilmək istəyir.
Deputat Kamran Bayramov bələdiyyələrin elektron xəritəsinin tərtibi prosesinin başa çatmasını, bələdiyyə torpaqlarındakı evlərin sənədləşməsinin təmin olunmasını zəruri sayıb.

Deputat Razi Nurullayev qeyd edib ki, vətəndaş, sahibkar xəritə ilə torpaq alır, elektron xəritə tərtib edilən zaman torpaq sahəsi on metrlərlə sürüşür: “Nəticədə, vətəndaş və sahibkarlar arasında ciddi problemlər yaranır. Bəzi yerlərdə torpaqlar çox bahadır və heç bir tərəf digərinə güzəştə getmir. Müvafiq təşkilatlar bu problemlərin həlli ilə məşğul olmalıdır”.

Deputat örüş yerlərinin təyinatının dəyişdirilməsi, yaxud bərpa edilməsi sahəsində də bələdiyyələrin problemlərlə üzləşdiyini söyləyib.

Deputat Azər Badamov isə vurğulayıb ki, təyinatına uyğun olmayan torpaqlarda tikilmiş, ancaq müvafiq infrastrukturla təmin olunmuş, təhlükəsiz istismarla bağlı problemli olmayan evlərin sənədləşdirilməsinə başlanılmalıdır:

"Bu evlərin sənədləşdirilməməsi bələdiyyələrin vergi toplamasına imkan vermir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər