28 Fevral 2023 09:42
2 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Nurlan bəy, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanun 1999-cu ildə qəbul olunub. Qeydiyyatla bağlı polislərin vətəndaşlara xəbərdarlıq etməsi və 30 manat cərimə tətbiqi niyə məhz indi aktual olub?

- Bəli, qanun 1999-cu ildə qüvvəyə minib və elə o vaxtdan da icrasına başlanılıb. Məsələnin sosial şəbəkələrdə bu cür narazılıqla qarşılanmasına aydınlıq gətirmək istəyirəm. Əslində səbəb odur ki, polis şöbələrinin inzibati binalarına qeydiyyata düşmüş vətəndaşlar qeydiyyatdan çıxarılıb. Bununla yeni proses başlayıb.

Təxminən 2000-ci ilin əvvəllərində Bakıda evlərin çoxunun sənədi yox idi. Şəxs haqqında məlumatlı olmaq, onun harada yaşadığını bilmək üçün vətəndaş mütləq qeydiyyata alınmalıdır. Bu səbəbdən həmin illərdə vətəndaşlar polisin inzibati binasına qeydiyyata götürülürdülər.

Vaxt keçdi, aparılan araşdırmalar göstərdi ki, polisin inzibati binasına qeydiyyata düşən şəxslərin bəziləri bir, hətta iki-üç ev sahibidir. Onların öz evlərinə, bu yoxdursa, qohumlarının, tanışlarının, dostlarının yaşadığı ünvana qeydiyyata düşmək imkanı var.

Polisin inzibati binasından qeydiyyatdan çıxarılan şəxslər başqa ünvanlarda qeydiyyata düşmək imkanı olan şəxslərdir. Yəni həmin insan özünün, yaxud yaxın qohumunun evində qeydiyyata düşə bilər.

Məsələnin başqa bir tərəfinə diqqət edək. Tutalım, şəxs Mingəçevir şəhərində yaşayır, daimi qeydiyyatı ordadır. Hər hansı səbəbdən Bakıya gəlir. Əgər Bakıda 60 gündən çox qalacaqsa, o, yeddi gün ərzində olduğu yer üzrə polisə məlumat verməlidir. Sual oluna bilər, niyə məlumat verməlidir? Məsələ ondadır ki, digər dövlət qurumları tərəfindən həmin vətəndaşla bağlı sorğular daxil olur. Tutaq ki, həmin şəxs təhsil almaq üçün Bakıya gəlib. Təhsillə bağlı müvafiq sorğular onun qeydiyyatda olduğu ünvana göndəriləcək. Mingəçevirdə qeydiyyatdadırsa, deməli, müvafiq axtarış Mingəçevirdə aparılacaq. Bakıda qeydiyyata düşməyibsə, onu tapmaq xeyli vaxt alacaq.

Deməyim odur ki, vətəndaşın özünün də marağında olmalıdır ki, bu prosedur qaydalara riayət etsin. Çünki sənədləşmə işində yüz faiz problemlə rastlaşacaq.

Yeni qayda həm də cinayətkarlığın qarşısını alır. Olduğu yer üzrə qeydiyyata düşən vətəndaşların haradasa daimi qeydiyyatı olmalıdır. Məsələn, mənim bir yerdə evim var və orada rəsmi qeydiyyatdayam, amma ərazi üzrə başqa yerdə yaşayıram, bu zaman polisə məlumat verməliyəm və olduğum yer üzrə qeydiyyata düşməliyəm.

Bu zaman məskunlaşılan yerin sənədinin olması şərt deyil. Ora otel də ola bilər, idman kompleksi də, restoran da, yaxud işlədiyi redaksiya da.

- Olduğu yerdə qeydiyyata düşmək istəyən şəxs polisə hansı sənədləri təqdim etməlidir? Prosedur necədir?

- Daimi qeydiyyatı olan şəxs digər yerə gəlirsə və orda 60 gündən artıq yaşayacaqsa, olduğu ərazi üçün polis orqanına müraciət etməlidir. Müraciət zamanı şəxsiyyət vəsiqəsi təqdim olunur. Yeni nəsil şəxsiyyət vəsiqəsində vətəndaş barədə bütün lazımı məlumatlar var. Vəsiqəni təqdim edəndən sonra polis əməkdaşları sizə müəyyən suallar verəcək, ondan sonra olduğunuz yer üzrə qeydiyyata alınırsınız.

- Qeydiyyat üçün dövlət rüsumu nəzərdə tutulubmu?

- Xeyr.

- Nurlan bəy, olduğu yer üzrə qeydiyyata düşməyin vacibliyi barədə çox az adamın məlumatı var. Dediyinizə görə, bu, qanun pozuntusudur. Pozuntu aşkarlanırsa, şəxs 30 manat məbləğində cərimələnir?

- Doğrudur, qanun pozuntusudur. Bu halda İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə uyğun olaraq şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilir. Amma burda incə bir məqam var. Polis əməkdaşları öncə vətəndaşlara xəbərdarlıq edir və əgər həmin şəxs xəbərdarlıqlara məhəl qoymursa, 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir.

Bütün prosedurlarda polis əməkdaşlarının önündə qoyulan məsələ xəbərdarlıqdır. Faiz etibarı ilə götürsək, vətəndaşların 90 faizinə xəbərdarlıq edilir. Yalnız 10 faizi qaydaya etinasız yanaşdığına görə onlara cərimə tətbiq olunub.

Yenə deyirəm, bu, sadəcə insanların maariflənməsi üçündür. Cərimələnən şəxslərin statistikası çox aşağıdır. Əsas odur ki, xəbərdarlıq edilən şəxslərin sayı çoxdur.

- İnsanlar arasında belə bir fikir var ki, bu, ancaq Bakıya şamil edilir və rayondan Bakıya gələn vətəndaşlar cərimələnəcək...

- Sosial şəbəkələrdə bu məsələ qaldırıldı və şişirdildi. Çox yalnış məlumatdır. Paytaxtdan rayona gedənlər, rayondan paytaxta gələnlər, rayonlararası, şəhərlərarası – bu məsələdə fərq yoxdur. İstənilən vətəndaş bu qaydalara riayət etməli, 60 gündən artıq qalarsa, olduğu yer üzrə polisə müraciət etməlidir. Seçilmiş inzibati ərazi yoxdur.

- Heç bir yerdə qeydiyyatı olmayan şəxs nə etməlidir?

- Yəqin polisin inzibati binasından çıxarılan şəxsləri nəzərdə tutursunuz. Şəxs çalışmalıdır ki, evinin müvafiq sənədləri olsun. Əgər yoxdursa, aidiyyatı dövlət orqanlarına müraciət etsin. Bu, mümkün olmadığı təqdirdə yaxın qohumlarının evinə qeydiyyata düşsün. Bu şərtdir.

- Qeydiyyatı olmayan adam üçün inzibati tədbir görülürmü?

- Azərbaycan Respublikasının bütün vətəndaşlarının qeydiyyatı olmalıdır. Əgər bir insanın ümumiyyətlə ailəsi, qohumu yoxdursa, yəni təkdirsə, polis orqanına müraciət edə bilər. Araşdırma aparılacaq və doğrudan da məlum olsa ki, bu insanın heç kimi yoxdur, o zaman barəsində tədbir görüləcək.

Heç bir vətəndaş qeydiyyatsız qalmır. Əgər şəxs polisin inzibati binasından çıxarılıbsa, mütləq başqa yerlərdə qeydiyyata düşmək imkanı var.

- Elə şəxslər var ki, onun bir neçə yerdə evi var. Həmin şəxs hətta bir evindən o biri evinə gedəndə də qeydiyyata düşməlidir?

- Qanuna görə, bir ərazidə 60 gündən artıq qalacaqsa, bəli, polisə məlumat verməlidir. Vətəndaşın müxtəlif inzibati ərazilərdə bir neçə evi ola bilər, amma yalnız bir evə qeydiyyatı olur.

Kirayə məsələsinə gəldikdə, kirayə verən ev sahibi, kirayənişindən soruşmalıdır ki, burda yaşamağı barədə ərazi üzrə polis orqanına məlumat veribmi? Verməyibsə, özü məlumat verməlidir. Çünki kirayə verən şəxs evində kirayədə qalan şəxslə bağlı məsuliyyət daşıyır. Evində kimin yaşadığını bilməli, bu barədə polisə məlumat verməlidir. Qanunvericiliyə əsasən, hər adamı kirayə qəbul etmək olmaz. Bəlkə adam cinayətkardır və axtarışdadır?

Bu, olduğu yer üzrə qeydiyyata düşmə məsələsinin faydalılığını bir daha göstərir.

- Olduğu yer üzrə qeydiyyata düşmək istəyən şəxsdən həmin yerdə hansı məqsədlə qalması soruşulurmu?

- Polisdə vətəndaşdan lazım olan məlumatlar soruşulur. Bu, polisin işidir. İctimai qaydanı, ictimai təhlükəsizliyi təmin etmək bir nömrəli tapşırıqdır. Bir vətəndaş haqqında məlumatlı olmaq həm o vətəndaşın, həm də digər vətəndaşların təhlükəsizliyinin təminatına kömək edir.

- Polisin inzibati binasında qeydiyyatda olanların statistik rəqəmləri varmı?

-Bu barədə bir söz deyə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, hazırda polisin inzibati binasına qeydiyyat dayandırılıb.

- Bu işin icrasına kütləvi başlandığını nəzərə alaraq soruşmaq yerinə düşür, qeydə alma prosesində problemlər yaranmır ki? Müraciətlər vaxtında həllini tapırmı?

- Polis əməkdaşları polisə aid olan və olmayan məsələləri qəbul edirlər. Polis elə bir qurumdur ki, 7/24 qapıları açıqdır. Hər bir vətəndaş müraciət edə bilər və əmin olun ki, hamısı da həllini tapır.

Vətəndaş gün ərzində nəinki bu məsələ, həmçinin bir neçə məsələ ilə bağlı da müraciət etsə, hamısına bir-bir baxılacaq.


Müəllif: Qurban Yaquboğlu, Nərmin Muradova

Oxşar xəbərlər