28 Fevral 2023 12:15
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda 2011-ci ildə "Avroviziya”da təmsil edən müğənni Nigar Camala hücum edən şəxsin cəzası məlum olub.

Teleqraf.com-un xəbərinə görə, Nigar Camala hücum edən Göygöl rayon sakini, 1999-cu il Tacəddin İmanzadə fevralın 25-də Nigar Camala hücum çəkib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsində tərtib olunan inzibati protokolda qeyd olunub ki, Nigar Camal Nəsimi rayonu, 28 May küçəsi ilə özünə məxsus “BMW” markalı avtomobili ilə hərəkət edən zaman ondan sol zolaqda hərəkətdə olan “Kia Ceed” markalı avtomobilin sürücüsü sağ zolağa ani olaraq çıxıb, onun avtomobilini sıxmağa başlayıb.

Bu zaman Nigar Camalın ona siqnal verərək xəbərdarlıq etməsi, Tacəddin isə buna məhəl qoymayaraq qərəzli şəkildə sağ zolağa keçməyə cəhd etməsi müəyyən edilib.

Həmin vaxt Nigar Camal mobil telefonu vasitəsi ilə hadisəni video qeydə almağa başlayıb. Tacəddin isə avtomobildən düşərək ona yaxınlaşıb və yüksək səslə avtomobilin şüşəsini aşağı salmasını tələb edib.

Yaxınlıqda olan digər avtomobilin sürücüsü Tacəddinə mübahisə etməməyi bildirib.

Lakin tacəddin avtomobilin sol yan güzgüsünü əli ilə vurub, Nigar Camal isə hadisənin daha kəskin xarakter almasından qorxub.

Daha sonra internet və sosial şəbəkə platformasında yayılmış video materiallar nəticəsində Tacəddin saxlanılıb.

Tacəddin izahatında göstərib ki, “Bolt” taksi şirkətində etibarnamə əsasında idarə etdiyini avtomobili ilə Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkət edən zaman “BMW” markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Nigar Camal ona siqnal verib: “Sağ zolağa keçməyimə mane oldu, avtomobili öz yoluyla sürərək mənə yol vermədi. Avtomobilin pəncərəsini endirərək Nigar Camala yol verməməsi səbəbindən irad bildirdim. Cavabında Nigar məni nalayiq ifadələrlə təhqir etdi, telefonla videoçəkiliş apardı. Əsəbləşərək avtomobili saxlayaraq düşdüm, məni hansı səbəbə nalayiq ifadələrlə təhqir etdiyini soruşdum. Ondan avtomobilin pəncərəsini aşağı salmasını tələb etdim”.

Şübhəli şəxsin sözlərinə görə, bu zaman arxa sol zolaqda olan sürücü ona Nigar Camalın qadın olması səbəbindən mübahisə etməməyi tövsiyə edib: “Ona cavabda Nigar Camalın məni təhqir etdiyini, yol vermədiyini bildirdim. Həmin şəxslə aramızdakı dialoq zamanı Nigar Camalın avtomobili sürərək getmək istədiyini gördüm. Ani olaraq əsəbləşərək sürücü tərəfdə olan yan güzgünü əlimlə vurdum, Nigar Camal isə avtomobili sürərək ərazidən uzaqlaşdı. Nigar Camalın avtomobilini əsəbiləşdiyim üçün özümdən asılı olmadan vurdum. Hadisə təxminən 7-8 dəqiqə davam etdi”.

Tacəddin qeyd edib ki, Nigar Camalın avtomoblinə yaxınlaşmaqda məqsədi onun tərəfindən çəkilmiş video görüntünün sildirmək niyyəti olub.

Tacəddinin barəsində İnzaibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

İş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.

Qərara görə, Tacəddin 15 gün müddətinə həbs edilib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinin İnzibati saxlanma Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilib.

Həbs olunma müddətinin əvvəli fevralın 26-dan hesablanması qərara alınıb.

Qeyd edək ki, fevralın 27-də yolu kəsilərək avtomobilinə ziyan vurulan “Avroviziya” təmsilçimiz müğənni Nigar Camal açıqlama yayıb. O, baş vermiş hadisədən sonra izahat və şikayət ərizəsi yazdığını, hüquq-mühafizə orqanlarının yaşadığı hadisəyə düzgün hüquqi qiymət verəcəyini bildirib.


Müəllif: Hacı Zeynalov