Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Komandanlığında "Heydər Əliyev İli" çərçivəsində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur" mövzusunda konfrans keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Konfransda MMQ-nin rəhbərliyi və şəxsi heyəti, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Gənclər və İdman Nazirliyinin Binəqədi Rayon idarəsinin rəisi Namiq Tarverdiyev, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı sədrinin müavini Sevinc Abdullayeva və Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Tarix elmləri doktoru, professor Ədalət Qasımov iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən Heydər Əliyev Muzeyi ziyarət edilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Mülki müdafiə qoşunlarının qərargah rəisi-komandanın müavini general-leytenant Azad Ələkbərov xalqımızın Ümumilli Lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Ölkəmizdə ordu quruculuğu prosesinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən A. Ələkbərov əlavə edib ki, bu gün Azərbaycan Ordusunun nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasında özünəməxsus yeri var, onun maddi-texniki bazası, kadr potensialı əhəmiyyətli dərəcədə möhkəmlənib. Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini, qarşıya qoyduğu hədəflərə inamla çatdığını konkret faktlarla əsaslandıran natiq xüsusi vurğulayıb ki, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edib, düşmən üzərində qazanılan parlaq Qələbə tariximizə qızıl hərflərlə yazılıb.
Tədbirdə digər çıxış edənlər də öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkəmizin siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs ediblər.
Konfransın sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.