Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir.
Teleqraf.com xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümü münasibətilə keçirilən əməliyyat müşavirəsiində deyib.
Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.
Həmin gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların rəhbər heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.
Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib.
Nazir vurğulayıb ki, bu gün dövlət başçısının ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi.
Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 12 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. O da qeyd olunub ki, Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr müasir standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.
Daxili işlər nazirinin müavini - daxili qoşunlar komandanı general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Tədbirə yekun vuran nazir V.Eyvazov DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edərək vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. O, Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.