2011-ci ildə fəaliyyətini dayandıran Mingəçevir-Bakı qatarının açılması ilə bağlı məsələ dəfələrlə şəhər ictimaiyyəti tərəfindən gündəmə gətirilib.
Mingəçevir Dəmiryolu Stansiyasının rəisi Samir Cavadovun Teleqraf.com-a verdiyi məlumata görə, "Ana Kür" qatarının o zamankı paytaxta çıxış qrafiki sərnişinlərin ürəyincə deyildi:
"Mingəçevirdən qatar ertə saatlarda çıxıb günorta saatlarında Bakıya yetişirdi.Sərnişinlər isə gecə saatlarında şəhərdən çıxıb səhər saatlarında paytaxta çatmaq istəyində idi. Qeyri rentabelliliyin əsas səbəbi bu olmuşdu. Əgər insanların istəyinə uyğun qrafik tərtib olunsa bu marşurut yüz faiz özünü doğruldar".
Məsələ ilə bağlı fikrini açıqlayan şəhər İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova da eyni qənaətdədir:
"Paytaxta üz tutanlar çoxdur. Amma nə o zamankı hərəkət qrafiki, nə də yola sərf olunan vaxt itkisi heç kimə sərf etmirdi. İndi zaman dəyişib. Hamı çevik və ən qısa müddətdə arzuladığı mənzil başına yetişib işlərini görmək istəyindədir".
Məhluqə Cavadovanın fikrincə Mingəçevir-Bakı qatarını bərpa etmək üçün ilk növbədə Mingəçeviri Aran qəsəbəsi istiqamətində artıq təmir olunmuş ölkənin əsas dəmir yolu şəbəkəsinə bağlayan 18 kilometrlik yol əsaslı təmir olunmalıdır. Bundan sonra isə növbəti uğurlu addım kimi, gecə şəhərdən yola düşən sürət qatarını bərpa etmək olar".