30 Mart 2023 09:05
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Qarabağ Müharibəsinin 16 yaşlı şəhidi Niyazi Vaqif oğlu Paşayev. O, 1976-cı ildə sentyabrın 27-də Bərdə rayonunda doğulub. Azyaşlı olmasına baxmayaraq, 1992-ci ildə Tərtər rayonunun Şıxarx qəsəbəsinə (əvvəlki adı Marquşavan – red.) nəzarət uğrunda başladılan Marağa hərbi hücum əməliyyatına könüllü olaraq qatılır. Ailə üzvlərinə xəbər vermədən hərbi hissəyə yollanan Niyazini dəfələrlə valideynləri evə qaytarsa da, bir yolunu tapıb təkrar döyüş bölgəsinə qayıdır.

Teleqraf.com-un əməkdaşları şəhidin anası Şöhrət Paşayevanın evində olublar.

Şəhidin anası Şöhrət Paşayeva oğlu Niyazinin az yaşına sığdırdığı qəhrəmanlıqlar haqda geniş danışdı. Üç övlad anası deyir ki, Niyazi ailənin ən kiçiyi olub: “İki bacının bir qardaşı, sonbeşiyimdi... Oğlum 1992-ci ildə Tərtər rayonunun Şıxarx qəsəbəsinə nəzarət uğrunda başladılan Marağa hərbi hücum əməliyyatına qatıldı. Ailədə heç kəsə döyüşə gedəcəyi ilə bağlı məlumat verməmişdi. Heç adəti deyildi, bir gün evə gəlmədi. Xəbər saldıq, bəlkə görənlər olar, deyə. Sonra dostlarından biri onun könüllü hərbi xidmətə getdiyini dedi.

O dövrdə elələri vardı ki, çağırışçı olsa da, hərbdən yayınırdı. Niyazi çağırışçı olmasa da, könüllü olaraq hərbiyə yollanmışdı. Bəlkə də uşaqlıq etdi, bilmirəm... Dəfələrlə hərbi hissəyə gedib onu evə qaytarmışam. Atası da deyirdi ki, mən gedə bilmirəm, qoy, o getsin. Deyirdim ki, azyaşlıdır, onun hərbi xidmət vaxtı deyil. Atası isə “heç nə olmaz, silahları daşımağa kömək edəcək” deyirdi. Özü də məni “döyüşə getmirəm, arxa cəbhədəyəm”, deyib arxayın salmışdı. Bəzən özümü də bağışlaya bilmirəm...

Bir gün baldızımın oğluna dedim ki, məni Tərtərə aparsın. Rayona girirsən ki, zülmət qaranlıqdır, bir insan da yoxdur. Getdim hərbi hissənin qarşısında qışqırdım, onu çağırdım. Gəlib ağzımı tutub məni maşına salıb dedi ki, “səsini çıxarma, səninlə evə gedəcəm”. Elə də oldu. Səhəri gün dedi ki, səsini komandir eşitsəydi, məni bir də hərbi hissəyə buraxmayacaqdı. O, səhəri günü təkrar hərbi hissəyə qayıtdı”.

Yaralandığı gün

Şöhrət xanım Bərdə rayon xəstəxanasında tibb bacısı işləyirmiş. Oğlunun yaralandığını da çalışdığı xəstəxananın baş həkimindən eşidir: “Həmin gün – mayın 11-də xəstəxanaya gedəndə baş həkim “sənin də oğlunu gətiriblər, burdadır” dedi. Getdim gördüm ki, sifəti yaxşıdır, özü də gözünü açıb “qorxma, yaxşıyam” dedi. Amma həkimlər oğlumun ağır yaralandığını bildirdilər.

Niyazi döyüş vaxtı yaralı bir əsgərə kömək edərkən boğazından güllə yarası almışdı. Onurğa beyni zədələnmişdi, ona görə də aşağı ətrafları işləmirdi, hissiyyatı yox idi. Bərdə rayon xəstəxanasında bir ay müalicə aldı. Oradan oğlumu Mərkəzi Hərbi Klinik Hospitala gətirdik. Burada iki ay ərzində iki cərrahi əməliyyat keçirdi. Həkim dedi ki, həm mədəsi, həm də sidik kisəsi deşik-deşikdir. Hər iki orqanı qanaxma verirdi. Qərara gəldilər ki, ilk olaraq mədəsini əməliyyat edib, daxili qanaxmasını dayandırsınlar.

Əməliyyat gedən zaman həkimlərin ora-bura qaçdığını gördüm. Həmin vaxt mənə heç bir məlumat vermədilər. Sonra həkim narkoz veriləndə uşağın kliniki ölüm keçirdiyini, onu masaj edib çox çətinliklə həyata qaytara bildiklərini dedi.

Əməliyyatdan sonra qan lazım oldu. Oğlumun qan qrupu mənfi dörd idi. İndiki kimi deyildi, o vaxtı qan tapmaq çox çətin idi. Amma AzTV-nin axşam xəbərlərində elan verməklə, inanın, Bakıda rütbəsindən asılı olmayaraq hər kəs qan verməyə gəlmişdi. Hətta qan verməyənlər də onun görüşünə gəlmişdi, pul yardımı edənlər də oldu. Onda çox xəcalət çəkdim, ilahi, bizim insanlar nə qədər vətənpərvərdirlər...

Sonra sidik kisəsini də əməliyyat etdilər. Həkimlər qan üçün yenə elan verdilər. İnanırsınız, millət yenə axışıb gəlirdi. Üç aydan sonra Niyazinin böyrəkləri fəaliyyətini itirdi. Mənə dedi ki, “elə istəyərəm evi görəm”. Həkimin də razılığı ilə onu hospitaldan çıxarıb Bərdəyə apardıq. Avqustun 11-i dünyasını dəyişdi...”

Müsahibimiz deyir ki, oğlu Bərdə Şəhidlər Xiyabanında dəfn olunub: “Niyazi şəhid olanda icra strukturları dəfində iştirak etdilər, yardımlarını da etdilər. İtirmərəm bunları. Azyaşlı olduğuna görə bütün Bərdə onunla maraqlanıb, onu tanıyıb.

O vaxtı dövlət tərəfindən şəhid ailələrinə müəyyən məbləğdə pul verilirdi. Həmin pullar banka qoyulurdu, “qara bayram” ərəfəsində onu götürüb oğluma ehsan verdim”.

Şöhrət Paşayeva oğlunun döyüş yoldaşlarından da söhbət açır: “Niyazinin komandiri o dövrün tanınmışlarından olan Ələmşah Məmmədov idi. Oğlum yaralanandan bir müddət sonra Ələmşah həbs olundu. Baxmayaraq ki, oğlumun az yaşı vardı, amma komandiri haqqında çıxan xəbərlərin həqiqətə uyğun olmadığını deyirdi. Sonradan onun azadlığa buraxıldığını eşitdik...

2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün Bərdə rayon İcra Hakimiyyətinə arayış almağa getmişdim. Məni get-gələ saldılar. Oğlumun adı kitabda olduğu halda, deyirdilər ki, biz o sənədi verə bilmərik. Həmin vaxt Ələmşah Məmmədov icra hakimiyyətinə gəlib deyib ki, vicdanınız yoxdurmu? O uşağın necə şəhid olduğunu bütün Bərdə bilir.

Nəhayət, xəstəxanadan götürdüyüm epikrizi İcra Hakimiyyətinə təqdim edəndən sonra sənədi verdilər".