13 Aprel 2023 09:05
4 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə riyaziyyat fənni üzrə bakalavr səviyyəsinə qəbul olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva Teleqraf.com-un həmsöhbəti olub.

O, Azərbaycan tarixində MIT-ə daxil olan iki qızdan biridir. İlklərə imza atmaq qismətində var. Azərbaycanın riyaziyyat tarixində qızlar arasında ilk qızıl medalın da sahibi odur.

Olimpiadalarda uğurları ilə seçilən Fidan indiyədək Respublika fənn olimpiadasından 3 qızıl, 2 gümüş, beynəlxalq olimpiadalarda 3 qızıl, 6 gümüş, 8 bürünc medal qazanıb.

“Ötən ilin dekabr ayında MIT-ə qəbul üçün portalda qeydiyyatdan keçib, sənədlərimi göndərmişdim. Martın 15-i cavablar çıxanda çox həyəcanlıydım, ailəmlə birlikdə səbirsizliklə gözləyirdik. Adımı görəndə çox sevindim.

Əsas hədəfim Massaçusets Texnologiya İnstitutu idi. Çünki orda texnologiya elminin tədrisi çox güclüdür. Mən də kompüter elmləri, riyaziyyat üzrə təhsil almaq istəyirdim. Bu qərarı verməyimdə atamın məsləhətini də vurğulamalıyam”.

“Atam riyaziyyatçı alimdir”

“Ümumiyyətlə, həm bu qərarda, həm də mənim riyaziyyata yönəlməyimdə atamın böyük rolu var. Atam özü riyaziyyatçı alimdir. Füzuli rayonunda doğulub, SSRİ-də keçirilmiş Riyaziyyat üzrə olimpiadada dəfələrlə 1-ci və 2-ci yerə çıxıb. 80-ci illərdə Moskva Dövlət Universitetində oxuyub, 2000-ci ildə Tayvan Elmlər Akademiyasından dəvət alıb və gedib. Üç il orda çalışandan sonra Latın Amerikasının ən böyük universiteti, Meksikada yerləşən UNOM Universitetindən dəvət gəlib. Qayıdıb Azərbaycana, burda ailə qurub və Meksikaya gedib.

Mən, qardaşım və bacım orda doğulmuşuq. 7-ci sinifə qədər Meksikada oxumuşam, daha sonra anamla Bakıya gəldik, atam hazırda da orda yaşayır, bura tətil zamanı gəlir”.

“Qızlar arasında ilk medalı biz gətirmişik”

“Məncə, MIT-ə daxil olmağımda olimpiadaların böyük rolu oldu. Yəni bununla fərqlənmişəm. 10 yaşından başlayaraq olimpiadalarda iştirak edirəm. İlk dönəmlərdə məni atam hazırlaşdırırdı. Onun sayəsində Meksikada riyaziyyat üzrə 3-cü yerə, bir il sonra isə 1-ci yerə çıxmışam.

Bakıya gələndə olimpiada mərkəzinə daxil oldum, 2019-cu ildə Avropa Qızlar Riyaziyyat Olimpiadası üçün seçmə tura qatıldım, 4 nəfərlik komandaya daxil oldum. Həmin ilin aprel ayında rəhbərliklə birgə Kiyev şəhərində keçirilən olimpiadaya getdim. Onda uğurlu nəticə əldə etmişdik, ölkəmizə qızlar arasında ilk medalı - bürüncü gətirmişdik. O zaman 13 yaşım vardı.

Keçən il həmin olimpiadada qızıl medal qazandım. Dünya Riyaziyyat Olimpiadasının bürünc medalçısıyam. 2021-ci ildən informatika fənni üzrə də olimpiadalarda iştirak etməyə başladım. Ötən il bu fənn üzrə Avropa Qızlar Olimpiadasında bürünc medal əldə etdim. Respublika fənn olimpiadalarında isə riyaziyyat və informatika fənni üzrə qızıl medalın sahibiyəm.

Riyaziyyat və informatika həm də mənim hobbimdir deyə bilərəm. İnternetdə informatika yarışlarını tapıb, orda iştirak edirəm”.

“Həvəsdən düşməyin, sona qədər gedin”

“Əvvəllər olimpiada mərkəzində dərslərə qatılırdım, ordan çox şey öyrənmişəm. Sonra pandemiya düşdü, ondan sonra özüm hazırlaşmağa başladım. Məsələlər həll edirdim, yeni texnikalar öyrənirdim. Olimpiadalar yaxınlaşanda daha çox məşğul olmağa başlayıram.

Həmin olimpiadaların əvvəlki illərinin məsələlərini həll edirəm. Əgər həll edə bilmirəmsə, başa düşməyə çalışıram.

Mən heç vaxt həvəsdən düşməmişəm. Həmişə irəli getmişəm. Hamıya demək istəyirəm ki, həvəsdən düşməsinlər, sona qədər getsinlər”.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova

Oxşar xəbərlər