"Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib".
Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, bu fəaliyyət qadağan edilə bilməz:
"Repititorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlıq keçməyə qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər. Bəzən repititorluğun tərifini düzgün vermirik. Repititorluq yalnız tənzimlənə bilər. Yəni, repititorluq harda baş verə bilər, kim kimə repititorluq edə bilər, bu sahibkarlıq fəaliyyətidirsə bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repititorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək".