Fövqəladə Hallar Nazirliyinin Akademiyasında "Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda kursant və magistrantların X elmi-praktik konfransı keçirilib.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin magistrant, kursant və tələbələri iştirak ediblər.
Əvvəlcə, konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin 15 illik fəaliyyətini əks etdirən Muzey və kitabxana ilə tanış olublar.
Konfransın açılış mərasimində çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, tədbir çərçivəsində aparılan müzakirələr, təqdim olunan məruzələr fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi sahəsində praktiki tövsiyələr hazırlamağa imkan verəcək və respublikamızda təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. O, həmçinin ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması ücün hərtərəfli şəraitin yaradıldığını və bu sahəyə cənab Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini də vurğulayıb.
Konfransda FHN-in Akademiyasının magistrantları baş leytenant Elgün Atakişiyev, leytenant Xəzər Həmidzadə, leytenant Rəsul İsmayılov, kursant Xaqanı İbadov, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Ayxan Hüseynzadə, Milli Aviasiya Akademiyasının tələbələri Sənəm İsmayılova, Nicat İsmayılzadə, Şamil Behbudlu, Milli Aerokosmik Agentliyi Elmi-Tədqiqat İnformasiya İnstitunun şöbə rəisi Hikmət Əsədov məruzələrlə çıxış ediblər.
Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.
Konfransın sonunda fərqlənən konfrans iştirakçıları FHN Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.