5 Yanvar 2015 18:45
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloq: “40 gün uşağın şəklini paylaşmaq olmaz”

Rusiyada keçirilən bir sorğuda respondentlərin 70 faizi sosial şəbəkələrdə onları qıcıqlandıran şəkillər sırasında istirahət zamanı çəkilən fotoları və uşaq şəkillərini önə çıxarıblar. Bununla sosial şəbəkələrin həm də həsəd və paxıllıq hisslərini gücləndirdiyi sübuta yetirilib.

Bildirilir ki, uşaq şəkilləri balacaların şıltaqlıqlarından bezmiş, uşaqları heç sevməyən, eləcə də övlad arzusu ilə yaşayanlarda qıcıq doğurur. Bunlar psixoloji məqamlar sayılsa da, məsələyə sırf inanc baxımdan yanaşanlar da var. Belələri uşağın nəzərə gələcəyini düşünür, şəkil paylaşmalarının körpəyə ziyan vuracağını düşünürlər.

Lakin sosial şəbəkələr ortaya çıxandan, mikrobloqlar yaranandan təzə doğulmuş körpəni 40 gün hamıdan gizlətmək kimi bir inanc aktuallığını itirib. İndi adi adamlardan tutmuş məşhurlara qədər bir çoxları övladı doğulan gündən bütün mərasimlərin şəkillərini paylaşaraq sosial şəbəkələrdə müzakirə mövzusuna və diqqət obyektinə çevirir.

Övladının çılpaq görüntülərini yayan valideynlər

Türkiyənin “Hürriyət” qəzetinin yazarı Aylin Anne bu mövzu barədə maraqlı yazısı ilə sosial mediada valideyn olmağın mənfi və müsbət cəhətlərindən bəhs edib.

Yazar körpələrlə bağlı vacib məlumatlardan ötrü qohum-qonşuya üz tutmağın keçmişdə qaldığını, özü də ana olduqdan sonra vacib bilgiləri öyrənmək üçün daha çox internetdə vaxt keçirdiyini vurğulayıb: “Ana olandan sonra körpə mövzusunda müntəzəm maraqlı məlumatlar paylaşmağa başladım. Artıq körpələrimizi buradakı blogger analarla birgə böyüdürük. Hətta zaman-zaman görüşürük, övladlarımızın bir-birini tanımasına imkan yaradırıq”.

Yazar sosial medianın bu məsələdə faydalı tərəfləri ilə yanaşı mənfi məqamlarını da diqqətə çıxarıb: “Təəssüf ki, hamı maraqlı və faydalı olanı yox, nəticəsini düşünmədən ziyanlı olanları da paylaşır. Xüsusilə şəkil, video görüntülərini qeyd edərdim. Uşağın tualetdə otururkən, çılpaq şəkildə və ya buna bənzər hallarda görüntülərinin paylaşmaq normal deyil. Çünki bəd niyyətli insanların həmin şəkillərdən pis məqsədlərlə istifadə edəcəyinə heç kəs təminat vermir. Bu, həm də etika məsələsidir”.

Aylin Anne məsələnin digər tərəfini uşaqların böyüyəndən sonra həmin şəkillərə hansı reaksiya verəcəyinə bağlayır: “Valideynlər bu məsələdə diqqətli olmalı, övladlarının şəkillərini hamıya göstərməkdən çəkinməlidirlər. Bəzən sevinci dostlarla bölüşmək istəyinin nəticəsi gözlənilməz olur”.

“40 gün uşağın şəklini paylaşmaq olmaz”

Uşaq və Ailə Mərkəzinin rəhbəri Kəmalə Baxış bu mövzuda fərqli fikirdə olduğunu deyir: “Xoş məqamları, sevincli anları dostlarla bölüşmək istəyi əvvəllər qonaqlıqlarda, ziyarətlərdə gerçəkləşdirilirdisə, indi bu, sosial şəbəkələrdə reallaşdırılır. Tanış-biliş, uzaq-yaxın körpənin ilk şəklini sosial şəbəkədə görür, ilk gözaydınlığı da burda verilir. Şəkli paylaşan istəyir ki, hamı sevinsin, amma bundan hamının məmnun olacağını düşünmək sadəlövhlük olar. Belə şəkillər yalnız dostlar üçün paylaşılsa daha düzgün sayılar.

Psixoloji faktora əsaslanaraq deyə bilərəm ki, çoxlu şəkil paylaşanlar real həyatda yaxın ətrafda sevincini paylaşmağa adam tapmayanlardır. Özünü tənha hiss edən insanlar belə paylaşımlara ehtiyac duyur, dolayısı ilə hər kəsin onun necə sevindiyinə şahid olmasını istəyir. Amma nəzərə almaq lazımdır ki, sosial şəbəkələrdə övladını itirən, yaxud övlad sahibi ola bilməyən, ümumiyyətlə, daxilən gərgin insanlar da olur ki, bu paylaşım da onlarda mənfi hisslər doğurur”.

Psixoloq yeni doğulan uşaqların ilk 40 gündə görüntülərini yaymağı məsləhət görmür: “Bu, el arasında populyar olan simvolik əlamətlərələ birbaşa bağlı deyil. Elm sübut edir ki, uşağın perinatal formalaşma müddəti var ki, həmin dövr doğumdan sonrakı 40 günü əhatə edir. Bu müddət uşağın energetik aurasının tənzimləmə zamanı sayılır. Körpənin işığa, səs-küyə alışması üçün 40 gün ciddi şəkildə gözlənilməlidir. Bu baxımdan ilk ayyarımda uşağın şəklinin çəkilməsi müsbət hal deyil”.

“Hamı nəvəmi görəndə sevinir”

Azərbaycanda çoxlarının “Feysbuk” sosial şəbəkəsindən tanıdığı bir körpə var, doğulan gündən şəklini nənəsi Rəbiyyə Zərdabi dostları ilə paylaşır. Uşaq hazırda Türkiyədə yaşayır, adı Burla Xatundur.

Nənəsi Burla Xatunun şəkillərinə kiminsə pis niyyətlə baxa biləcəyini ağlından belə keçirmir: “Dünyaya gələn saatdan indiyə qədər 8 aydır Burla Xatunun hər gününün şəklini paylaşıram. Niyyətim var ki, o, məktəbə gedənə qədər belə edim. Buna valideynlərinin də etirazı yoxdur. Heç kəsdən narazılıq eşitməmişəm. Düşünürəm ki, mən başqalarının uşağını görəndə sevindiyim kimi, başqaları da mənim nəvəmi görəndə sevinir”.

Bütün “Feysbuk” dostlarının Burla Xatunu tanıdığını deyən Rəbiyyə Zərdabi nəvəsinə hətta xarici ölkələrdən də hədiyyələr göndərildiyini bildirir.

Bununla belə, ona məsləhət verənlər də az deyil: “Dəfələrlə yaxınlarım, doğmalarım gözə gələr deyə Burla Xatunun şəkillərini paylaşmağı dayandırmağımı istəyiblər. Mən belə inanclardan uzaq adamam. Həm də düşünürəm ki, çoxluğun xoş nəzərləri Burla Xatunu qoruyar”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər