31 May 2023 12:45
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlara əsasən, 2022-ci ildə 29,3 milyard manat təhlillə əhatə edilib ki, bu da büdcə gəlirlərinin (30,7 milyard manat) 95,4%-nə bərabər olub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, eləcə də Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən gəlirlər, Dövlət Neft Fondundan (ARDNF) transfert, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə qurumlardan alınmış hesabatların Qanun layihəsində və illik hesabatda əks etdirilmiş göstəricilərə uyğunluq təşkil etdiyi qənaətinə gəlinib.

Eyni zamanda, Rəyin tərtib edilməsi zamanı xərcləri icra edən 134 qurum üzrə 24,9 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş büdcə xərclərinin 77,6 %-ni təşkil edir. Təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 6 milyard manat və yaxud 8,3 faiz bəndi artıb.

Qurumlar tərəfindən büdcə vəsaitlərinin icrası ilə bağlı təqdim olunan hesabatların müvafiq icra hakimiyyəti orqanının hesabatları ilə müqayisəsi nəticəsində əhəmiyyətli sayılacaq məsələlər müəyyən edilməyib", - deyə o qeyd edib.

"Təqdim edilən sənədlərin və Qanun layihəsinin “Büdcə sistemi haqqında” qanuna uyğunluğu rəydə araşdırılıb. Bu araşdırma 3 aspekti əhatə edib:

1. İl ərzində dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan məlumatların “Büdcə sistemi haqqında” Qanunun 18-ci və 20-ci maddələrinə;

2. Qanun layihəsinin “Büdcə sistemi haqqında” Qanunun 20.6-cı maddəsinə;

3. İllik Hesabatın “Büdcə sistemi haqqında” Qanunun 20.3-cü maddəsinə uyğunluğu.

Hesablama Palatası belə qənaətə gəlir ki, Milli Məclisə təqdim edilmiş “2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi və 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat qanunvericiliyin müvafiq tələblərinə əsasən uyğun hazırlanıb və təqdim olunub", - deyə sədr bildirib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər