1 İyun 2023 17:49
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Hər bir ölkə uşaqları qorumağı, hüquqlarını müdafiə etməyi özünün əsas vəzifəsi hesab edərək dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edir. Sözsüz ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunaraq imzalanır, forumlar, tədbirlər həyata keçirilir. Məhz bu məqsədlə də 1950-ci il 1 iyun tarixi Uşaqların Müdafiəsi Günü kimi BMT Baş Assambleyası tərəfindən qeyd olunmağa başlanılıb. BMT uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan edib. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da bu gün böyük təntənə ilə yüksək səviyyədə qeyd edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edibki, gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır: “Bu mənada uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Bu baxımdan ölkəmiz uşaq hüquqları sahəsində bir sıra beynəlxalq sənədlərə qoşulmuş, uşaq hüquqlarının müxtəlif aspektllərini özündə əks etdirən qanunlar qəbul etmiş, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Azərbaycanın müstəqilliyinin ilk illərində qoşulduğu beynəlxalq sənədlərdən biri məhz “Uşaq hüquqları haqqında” Konvensiya olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan olunub. “Uşaq ili”nin elan edilməsi ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədini daşıyaraq mühüm əhəmiyyətə malik olub”.

Komitə sədri hesab edir ki, uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir:

“Bu zəruri məqamlar nəzərə alınaraq Milli Məclis tərəfindən Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilib. Sözsüz ki, cəmiyyət inkişaf etdikcə tələblər dəyişir, yeni çağırışlar meydana gəlir. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Əlbəttə ki, uşaqlardan danışarkən bu sahədə burada Heydər Əliyev Fondunun fəaliyyətini də qeyd etmək lazımdır. Xüsusilə də "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir”.

Millət vəkili bildirib ki, gənclərimiz ilk növbədə sağlam, təhsilli, peşəkar olmalıdır:

“Ən əsası isə Vətəni sevmək və onun daha da güclü olması üçün çalışmaq lazımdır. Prezident İlham Əliyevin vurğuladığı kimi “Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”. Biz öz övladlarımızla, gənclərimizlə çox böyük qürur hissi keçiririk, onlarla fəxr edirik. 44 günlük Vətən Müharibəsində onların göstərdikləri qəhrəmanlıqlar, igidliklər, vətənpərvərlik nümunələri bir daha göstərdi ki, biz böyük və mərd xalqıq”.

Hicran Hüseynova bildirib ki, yer üzündə yaşayan uşaqlar xoşbəxt həyat sürsün, müharibədən, zorakılıqdan uzaq sağlam həyat yaşayaraq rifah içində böyüməsini arzu edirik:

“Uşaq hüquqlarının qorunması və müdafiəsindən danışarkən bu gün dünyada baş verən münaqişlərdən əziyyət çəkən uşaqlara xüsusilə qayğı göstərmək lazımdır. Biz də öz tariximizdə bunun acı nəticələrini görürük. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onlardan 300 mindən çoxu uşaqlardır. Müharibə və onun dəhşətləri, uşaqlarda dərin psixoloji iz buraxıb. II Qarabağ müharibəsi zamanı erməni hərbi-siyasi rəhbərliyi hərbi əməliyyatlardan dəfələrlə uzaq məsafədə olan şəhər və kəndlərimizə raket zərbələri endirir, dinc əhalini, o cümlədən, uşaqları da qətlə yetirirdi. Lakin bizim yaralı, valideynlərini itirən balalarımız öz təbəssümü və qorxmaz baxışları ilə düşmənə, erməni terrorçularına meydan oxudu. Onların qisası isə döyüş meydanında alındı. Sözsüz ki, uşaqlar ailənin davamçısı olduğu kimi, həm də dövlətin gələcəyidir. Uşaqların hərtərəfli böyüməsi və inkişaf etdirilməsi üçün çalışmalıyıq. Bu istiqamətdə dövlət tərəfindən də lazimi dəstək göstərilir. Dövlətimizin gələcəyi olan uşaqların sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüməsi üçün bütün hər kəs öz imkanlarını səfərbər etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər