13 İyun 2023 17:53
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov parlamentin plenar iclasında bildirib ki, "Azərbaycan" qəzetinin çapı dayandırıla bilər.

Buna səbəb kimi o, qəzetə abunə sayının az olmasını göstərib.

İnformasiyanın saytlardan, sosial mediadan əldə olunduğu internet dönəmində çap mediasının - qəzet və jurnalların mövcudluğu sual altındadır.

Teleqraf.com mövzunu mütəxəssislərlə araşdırıb.

"Qəzetlərimizdə oxumalı yazı yoxdur”

Azərbaycan Jurnalistlər Birliyinin sədri, vaxtilə yüksək tirajla çap olunan “Ayna”- “Zerkalo” qəzetlərinin, hazırda “Ayna.az” saytının baş redaktoru Elçin Şıxlı hesab edir ki, problem ümumidir və heç də birmənalı şəkildə yeni platformaların yaranmasından irəli gəlmir:

“Təbii ki, internet saytları, sosial media da bu məsələdə rol oynayır, amma digər mühüm səbəblər də az deyil. Bəxtiyar müəllim ancaq abunədən şikayətlənir, bizim çap olunduğumuz dönəmlərdə abunəmiz yox idi. Yalnız satış və reklam hesabına qəzet ayaqda qalmışdı. Azərbaycanda satış şəbəkəsi və reklam bazarı yoxdur.

Daha bir problem var: hər birimizin mobil telefonuna gün ərzində ən azı beş klinikadan, oteldən, yaxud digər obyektlərdən reklam gəlir və bu da qeyri-qanunidir. Qanunvericilikdə bu, qadağan olunub. Təəssüf ki, bunu heç kim bilmir və əhəmiyyət vermir. Bəxtiyar müəllimin qəzeti bağlana bilər, çünki onlar əvvəldən abunə ilə işləyiblər. İndi isə bu abunə sayı azalıb.

Problemin aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirmək lazımdır. Bu tədbirlərin 10-nu, 15-ni mən bilirəm, yazıb göndərmişəm, amma heç kim əhəmiyyət vermir.

Dünya ölkələrinin əksəriyyətində geriyə tendensiya başlayıb: insanlar qəzet oxumağa meyl göstərirlər. Çünki sosial mediadan aldığımız informasiya iki-üç cümləlikdir. Və bu da düşünməyə, nəyisə analiz etməyə imkan vermir. Qəzetlər xəbər daşıyıcısı kimi öz rolunu itirib. Bu təbiidir və bunu bilməliyik. Amma qəzetlər transformasiya olunmalıdırlar. Ki, bunu yaxşı bacaranlar ayaqda qala bilirlər. Həmin qəzetlərdə ciddi analitik yazılar çap olunur. Bu yazıları normal Qərb ölkələrində hamı oxuyur. Niyə “Nyu York Times” qəzeti bağlanmır?

Oxucu sayının azalması Azərbaycanda qəzetlərin analitik funksiyanı lazimincə yerinə yetirməməsindən qaynaqlanır. Çünki qəzetlərimizdə normal kontent, oxumalı yazı yoxdur”.

"O zaman təbliğat kimi qavranılır, bu da media fəlsəfəsi baxımından doğru deyil"

Media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, bütün ölkələrdə rəsmi nəşrlərə - xüsusən parlament qərarlarını, iclaslarını, hesabatlarını nəşr edən qəzetlərə, jurnallara həmişə əlavə yardımlar olur.

“Ya rəsmi qurumlar bunu edir, yaxud xüsusi fondlar yardım göstərirlər. Bu baxımdan “Azərbaycan” qəzetinin də həmişə elanları olub. Çünki bu, birbaşa parlamentə bağlı qəzetdir və parlamentin hesabatlarını davamlı olaraq yayır. Qəzetin gələcək taleyi, məsələnin necə həll olunması ilə bağlı xüsusi müzakirə açmağa dəyər. Adətən, bu tip nəşrləri təcrübədə dövlət büdcəsindən maliyyələşdirirlər. Və yaxud parlament xərclərini hesablayanda nəşrlər üçün müəyyən maliyyə nəzərdə tutulur. Elə olmalıdır ki, belə nəşrlərin bağlanma təhlükəsi olmasın.

Ola da bilər, qəzetin özünün xarakteri, profili dəyişsin. Yəni o, ümumi, ictimai, siyasi qəzetdən yalnız rəsmi materialları, qərarları, qanunları çap edən nəşrə çevrilsin.

Ölkədə bir rəsmi nəşr olmalıdır. Yəni o həm hökumət, həm də dövlət qərarlarını çap edir, əhalini bu barədə məlumatlandırır. Məsələn, Yaponiyada bu cür qərarların çap olunduğu nəşrləri evlərə pulsuz paylayırlar. İnsanlar ona baxır, tanış olur, sonradan onu geri qaytarırlar. Çünki bu kağız istehsalında istifadə olunur. Önəmli olan o qərarların əhaliyə çatdırılmasıdır.

Amma bu səpkili qəzetlər çox olsa və dövlət onlara maliyyə ayırsa, bu, başqa sahəyə gedib çıxır. Yəni bu, dövlət, hökumət qurumlarının təbliğatı kimi qavranılır və əlbəttə, bu da media fəlsəfəsi baxımından doğru deyil”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər