İran İslam Respublikasından tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən iki yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı həyata keçirilib.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bu zaman nəqliyyat vasitələrində olan dərman vasitələrinin və tibbi preparatların daşınma tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, həmin nəqliyyat vasitələrinin bu növ malların daşınması üçün tələb olunan konstruktiv quruluşa malik olmaması və dərman vasitələrinin üzərində qeyd edilən saxlanma şəraiti üçün temperatur normalarının pozulması səbəbindən hər iki fakt üzrə, ümumilikdə 27 adda-1564 qutu, 4718 ədəd, 1020 flakon, 2850 tablet,7720 ampul dərman vasitəsinin dövriyyəyə buraxılmasının qarşısı alınıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları qeyd olunan dərman vasitələrinə baxış keçirib və daşınma tələblərinin pozulması səbəbindən saxlanılmış həmin dərman vasitələri nazirliyə təhvil verilib.