4 İyul 2023 09:53
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində baş verən, şimal bölgəsində, Abşeron və Bakıda hiss olunan zəlzələ Azərbaycanda təkcə təbii fəlakət təhlükəsini yox, həm də “çaxnaşma təhlükəsi”ni ortaya çıxardı.

Küçələrdə yaşanan çaxnaşma insanların təşviş keçirməsi fonunda təbiidir, Türkiyədə baş verən və oradakı qardaşlarımızla birlikdə günlərlə yaşadığımız hislər bu qorxunu daha da gücləndirib. Bu baxımdan, xüsusilə hündürmərtəbəli binaların çoxluq təşkil etdiyi paytaxt sakinlərinin gecəni küçədə keçirməsi normal haldır.

Normal olmayan evlərdə hiss olunan zəlzələnin növbəti dalğasının sosial platformalarda baş verməsidir. Çaxnaşma təhlükəsi də bu zaman ortaya çıxdı.

Növbəti dalğaların dəqiqəsinə və neçə bal olacağına qədər “nöqtə” proqnozlar yayılmağa başlandı: 02:21 – 6,1 bal; 04:21 – 5,8 bal; 06:32 – 6,0 bal;

Foto-skrin olaraq yayılan bu məlumat çaxnaşmaya səbəb oldu. Halbuki, dünya təcrübəsində indiyə qədər zəlzələnin bu qədər dəqiq vaxtını və gücünü müəyyən etmək mümkün olmayıb. Bununla yanaşı, təcrübə zəlzələnin birinci dalğasından sonra avterşokların daha zəif olduğunu təsdiqləyib. Məlumatın mənbəyini araşdırmaq və ağılla analiz etmək, belə informasiyaların yalan olduğunu müəyyən etməyə imkan verir. Lakin təşviş içində olan insanların psixoloji olaraq bunu etməsi çətindir və bu, feyknyusun sürətlə yayılmasına gətirib çıxarır.

Əsas məqam çaxnaşma təhlükəsini kimlər tərəfindən və hansı məqsədlə yaradılmasıdır. Burada birdən çox maraqlı tərəf ola bilər:

1. Xarici xüsusi xidmət orqanları: hadisənin baş verdiyi ölkənin ictimai rəyinə infomüdaxilələrin edilməsi həmişə aktualdır;

2. Maraqlı qruplar: onlar cəmiyyətdə qorxunun yaradılması və bunun üzərindən dövlətə inamın itməsinə çalışırlar;

3. Diqqət mərkəzinə düşmək istəyənlər: belələri sırf maraq oyatmaq, diqqət çəkmək üçün nəticəni hesablamadan saxta məlumatları tirajlayır;

Saxta məlumatlar iki halda ictimai rəydə özünə yer edə bilir:

- birincisi, dövlət orqanları baş vermiş hadisəyə operativ reaksiya verməyəndə;
- ikincisi, cəmiyyətin infotəhlükəsizliyində boşluqlar olanda;

Zəlzələ baş verəndən sonra həm dövlət orqanları, həm də mütəxəssislərin operativ reaksiyasının şahidi olduq: DİN, TƏBİB, FHN gücləndirilmiş iş rejiminə keçdi; seysmoloqlar fikir və proqnozlarını verdilər;

Bu, yaranmış çaxnaşma abu-havasını müəyyən qədər də olsa normallaşdırdı. Lakin tam aradan qalxmadı, çünki informasiya təhlükəsizliyində problemlər var, xüsusilə cəmiyyətimizdə hələ də “niquşizm” xəstəliyi qalmaqdadır. Bu baxımdan, dünən gecə saatlarında baş verən zəlzələ zamanı çaxnaşma yaratmağa hesablanmış məlumatların mənbəsinin araşdırılmasına ehtiyac var, ən azından, ictimai rəyin informasiya gigiyenasını təmin etmək üçün...


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər