Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan rayon hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, məşqə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, rayon kommunal xidmətləri, ərazi xilasetmə və kəşfiyyat dəstələrinin şəxsi heyət və texnikaları cəlb olunub.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, rabitə və xəbərdarlıq sisteminin vəziyyəti, fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının qiymətləndirilməsi olub.
Məşq zamanı Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonun aidiyyəti müəssisələrinin rəhbər şəxsləri tərəfindən qüvvələrə baxış keçirilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.