Bu il Azərbaycanın Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.
Bu barədə Teleqraf.com-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti öncə Ankarada Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbir Movzeley Kompleksi ziyarət edib, önünə əklil qoyub.
Həmçinin, Ankaradakı Heydər Əliyev Parkı ziyarət edilib. Nümayəndə heyəti Ulu Öndərin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad edib.
Sonra Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca, Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və Türkiyə Respublikasının Baş Prokuroru Bekir Şahinlə görüşlər keçirib.
Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi diqqətə çatdırılıb.
Daha sonra Ankara Universitetinin rektoru Necdet Ünüvar və Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir ilə görüşlər keçirilib. Hüquqşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanması, hakimliyə namizədlərlə yanaşı, məhkəmə aparatı işçilərinin də peşəkarlıq səviyyəsinin artırlması istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.