Tanınmış jurnalist Səbuhi Məmmədov uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 15 nömrəli Şəhər Poliklinikasında dispanser qeydiyyatındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 29.09.2022-ci il tarixində M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində sağ baldırın yuxarı 1/3-də amputasiya aparılıb. Əməliyyatdan uzun müddət sonra – 11.05.2023-cü il tarixində poliklinikaya müraciət edib:
“Səbuhi Məmmədov dövlət proqramı ilə Respublika Klinik Xəstəxanasında həftədə 3 dəfə olmaqla dializ olunur.
Əlilliyin qiymətləndirilməsi üçün tələb olunan bütün zəruri sənədlər 25.05.2023-cü il tarixində hazırlanıb və 10 nömrəli Şəhər Poliklinikasına müvafiq göndəriş verilib.
Eyni zamanda əlilliyin təyin olunması məqsədi ilə ona “Forma-88” tərtib edilib və Tibbi-Sosial Ekspertiza Komissiyasının alt sisteminə göndərilib.
Xatırladaq ki, tanınmış jurnalist Səbuhi Məmmədovun səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub.
S.Məmmədov müxtəlif vaxtlarda Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinələrdən keçib və zəruri müalicə prosedurları alıb.
Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb” – açıqlama bildirilib.
Xatırladaq ki, ötən ilin noyabrında ayağı amputasiya olunan tanınmış jurnalist Səbuhi Məmmədov mətbuata açıqlamasında hələ də protez ala bilmədiyini deyib.
O, doqquz aydır ayağının olmadığını sübut etməyə çalışır.
“Ayağım amputasiya olunduqdan sonra böyrəklərimdə də problem yarandı. Mən dializ xəstəsi oldum. Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika var. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Mənə olmazın arayışlar gətizdirirlər. Möhürlü, imzalı arayış verdim ki, dializ xəstəsiyəm. Həmçinin, cərrah da təsdiqləyib ki, ayağım dizdən yuxarı kəsilib. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin ki, heç olmasa, protez qoydurub yeriyim".