14 İyul 2023 12:40
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qanun birinci dəfə qəbul olunanda, birinci dəfə səsverməyə qoyulanda 48-ci maddə ilə bağlı təkliflərlə çıxış etmişdim. Sadəcə bilmək istəyirəm ki, mənim qaldırdığım məsələlərə qanunvericilik təşəbbüsü subyektinin reaksiyası nədən ibarət olub? Söhbət ondan gedir ki, 48-ci maddə “Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi” adlanır. Normayaratma orqanı deyəndə Milli Məclis nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, əslində norma təsdiqedən yazılsaydı bəlkə də daha məntiqli olardı:

"Burada qeyd olunub hansı sənədlər bizə təqdim olunmalıdır. Məsələn Normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması, Normativ hüquqi akt layihəsinə dair ekspert rəyləri. Ona görə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 61-ci maddəsində xüsusilə qeyd olunur ki, Normativ hüquqi aktların sui-istifadəyə məruz qalmasına dair ekpertiza keçirilməlidir. Yəni, bu məcburi ekspertizadır. Bundan başqa Normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılmasına dair arayışlar verilməlidir. Amma çox təəssüf, bu Normativ hüquqi akt layihəsinin normayaratma orqanına təqdim edilməsi adlanır. Öncə sadalanır və 48.6-cı maddədə deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublkasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və konstitusiya qanununun 48.3 və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır. Hörmətli həmkarlar, mən sizə müraciət edirəm! Əvvəla, o sənədlərin bizə də göndərilməsi, bizim də onlarla tanış olmağımız niyə məhdudlaşdırılır? Yuxarıda qeyd olunur ki, bu sənədlər normayaratma orqanına daxil olmalıdır. Onu da nəzərə almalıyıq ki, kiçik istisnalarla bütün qanun layihələri və qanunlara əlavə və düzəlişlər prezident tərəfindən təqdim olunur. Belə çıxır ki, biz, normayaratma fəaliyyəti ilə məşğul olanda bu normada göstərilən o sənədlərin heç biri ilə tanış ola bilmirik. Hətta qanunvericilik təşəbbüsünün subyekti olan məsələn Respublika Prokurorluğu, prokurorluq haqqında da qanunların da kiçik istisnalarla hamısı prezident tərəfindən gəlir, dəyişikliklər prezident tərəfindən daxil olur”.

Millət vəkilinə görə, məhkəmə sistemi ilə bağlı-baxmayaraq ki, Ali Məhkəmə də qanunvericilik təşəbbüsünün subyektidir- Prezident Aministrasiyasından gəlir:

“Yəni digər qanunvericilik təşəbbüsünün subyektləri faktiki surətdə öz hüquqlarından istifadə etmirlər. Bunun səbəbi başqa mövzudur. Belə olan halda 48-ci maddənin mənası nədən ibarət olur? Ona görə də mən təklif eləmişdim ki, 48.6-cı maddə buradan çıxarılsın. Birdə təzə maddə əlavə olunur-48.2-1.2. Əlavə bir bənd əlavə olunur, layihənin hansı dövlət orqanları ilə razılaşdırıldığı. Bu onsuz da 48-ci maddədə var. 48.2.2-ci madədə qeyd olunur ki, Normativ hüquqi Aktın layihəsinin razılaşdırılması, vizalanması haqqında məlumatı əks etdirən sənədlər. Vizalanma nə deməkdir? Orada onsuz da yazılıb razılaşdırılması. O sənədlərdə də göstərilir kimlər viza qoyub, kimlərlə razılaşdırılıb. Yəni ora əlavə yeni bir normanın daxil edilməsinin mənasını baş düşmürəm. Qanunlara dəyişiklik naminə dəyişiklik edilir. Amma bu qədər ziddiyyəti görməmək və faktiki surətdə 48.6-cı maddə, ümumiyyətlə 48-ci maddənin mahiyyətini heçə endirir. Bunu da görməməyi sadəcə olaraq anlaya bilmirəm. Ona görə də, bizə ekspert rəyləri təqdim olunsaydı, bu qanunla bağlı da ekspert rəyi təqdim olunsaydı, burada hər bir deputat bilərdi ki, bu, əslində konstitusiyaya uyğundu, yoxsa yox”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər