Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir.
Teleqraf.com xəbər verir ki, Pakistanın rəsmi “Associated Press of Pakistan” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamları dərc edib. Agentliyin materialında diqqətə çatdırılıb ki, Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Xəbərdə qeyd olunub ki, tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı sosial medianın da mühüm rolunu qeyd edib.
Pakistanın informasiya agentliyi vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər və müharibə məsələlərinə toxunan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi”.
Materialda diqqətə çatdırılıb ki, Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.
Sonda qeyd edilib ki, Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayır.
“Belarus seqodnya” nəşri öz xəbərində yazıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya toplayıb. Bu mötəbər tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Rəsmi açılış mərasimindən sonra Forum işini sessiyalarda davam etdirəcək, rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə olunacaq.
Bu nəşrdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rusiya-Azərbaycan münasibətləri barədə söylədiyi fikirlər də yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.
Prezident İlham Əliyevin Forumdakı çıxışı qardaş Türkiyənin “TRTHaber”, “Takvim”, “Yeni Şafak”, “HaberGlobal”, “Milliyet, “Anadolu” agentliyi, “CNN Türk” və başqa telekanal, agentlik, qəzet və portalları tərəfindən geniş işıqlandırılıb. Bu media orqanları dövlətimizin başçısının söylədiyi “İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı. Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi” fikirlərini ön plana çıxarıblar.
Türkiyə mediasının dərc etdiyi materiallarda vurğulanıb ki, dünyada və regionda vəziyyətin dəyişməsinə, yaranan yeni reallıqlara toxunan Azərbaycan Prezidenti dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyənin bu məsələdə mühüm rolunu vurğulayıb, Ankaranın, eyni zamanda, qarşıdakı illərdə daha çox qlobal nüfuz qazanacağını bildirib.
Şuşa Qlobal Media Forumu Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyinin yaydığı, habelə “News.ru” və “Ria.ru” saytında yerləşdirilən xəbərlərdə Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Türkiyə ilə əlaqələrin daha da güclənəcəyi, Bakının Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi, Qarabağa yaxın üç ildə 150 min azərbaycanlının qayıdacağı, Ermənistanla sülh sazişinin bu ilin sonuna qədər imzalanması ehtimalı barədə fikirləri yer alıb. “Vesti Kavkaza” portalı isə dövlətimizin başçısının Ermənistanın mina terroru, Azərbaycan dövlətinin ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyəti haqqında fikirlərinə geniş yer ayırıb. Rusiya mətbuatı, həmçinin Şuşa Qlobal Media Forumunda müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib.
Albaniya Teleqraf Agentliyinin (ATA) AZƏRTAC-a istinadla yaydığı xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin bu ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.
İspaniyanın “El Periodista” nəşrində dərc olunan xəbərdə də Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışının əsas məqamları yer alıb. Materialda dövlətimizin başçısının dünyada və Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Qarabağda son vəziyyət və bu regionda yaşayan erməni azlığı ilə bağlı fikirləri, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və azərbaycanlıların öz torpaqlarına qayıtması barədə fikirləri yer alıb. Yazıda qeyd olunub ki, Ermənistanın mina terrorundan bəhs edən Azərbaycanın dövlət başçısı deyib: “Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, etiraf etdilər ki, onlar 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır”.
“Associated Press” agentliyində yayımlanan “Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlövhəli məqalədə Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin mühüm mövzuları, o cümlədən yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyəti ilə bağlı fikirlərinə yer verib. Məqalədə Azərbaycanda media sahəsində davam edən islahatların bu sahənin müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə yol açması barədə dövlətimizin başçısının fikirləri xüsusi vurğulanıb.
ABŞ-ın “Newyorkinsider.net”, Fransanın “France11”, Kubanın “Prensa-latina.cu”, Qırğızıstanın “AKİ Press”, eləcə də digər xarici KİV-lərdə də yayımlanan məqalələrdə 49 ölkədən 200-dək xarici qonağın qatıldığı Şuşa Qlobal Media Forumunun əhəmiyyəti qeyd olunub, bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və dövlətimizin başçısının fikirləri diqqət mərkəzində saxlanılıb.