"Bu gün çox gözəl hisslər keçirirəm. Çox sevinirəm. Allah bizim əsgərlərimizə qorusun. Allah prezident İlham Əliyevin canını sağ etsin. Qazilərimizə sağlıqlı ömür, şəhidlərimizə rəhmət eləsin".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Laçın sakini Bəsti Həsənova deyib.
"Bu gün çox xoş hisslər keçirirəm. Ailəmlə Laçına köçürəm. Nəvələrim də bizimlə gedir. Doğma torpağımda yaşayacağam. Qaynanamın 96 yaşı var. O, doğma yurduna getdiyi üçün çox sevinclidir".
Daha bir laçınlı Sevil Ağayeva da hisslərini bölüşüb: "Sevincimin həddi-hüdudu, uçmağa qanadım yoxdur. Qanadımı özümdən başqa heç kim görmür. Allah Prezidentimiz İlham Əliyevə can sağlığı versin. O, Azərbaycan xalqının, mənim prezidentimdir. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid ailələrinə xəbər göndərmişəm, Laçındakı evim şəhid ailələrinindir. Hamısına xəbər göndərmişəm və qapım üzlərinə açıqdır. Allah mənə ömür versin, onların qulluğunda dura bilim".
Digər Laçın sakini Rüxsarə Nəsibzadə isə qeyd edib ki, bu gün laçınlıların sevincli bir günüdür: "Bu günü bizə yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə özüm, ailəm və laçınlılar adından təşəkkür edirəm. Şəhidlərimizin ruhu və onların ailərləri qarşısında baş əyirəm. Allahdan qazilərimizə şəfa diləyirəm. Bu gün onların sayəsində biz buradayıq və doğma torpağa ayaq basırıq. Mənim Laçından çıxanda 10 yaşım var idi. 31 ildən soonra doğma yurduma qayıdıram. Mənim üçün çox sevincli bir gündür. Sevinclərimiz qədər kədələrimiz də var. Biz Laçından valideynlərimizlə çıxmışdıq, indi onlarsız geri dönürük. Bu gün düşünürəm ki, valideynlərimizin ruhu bizimlədir".
"Cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Doğma torpağıma qayıdıram. Bu hissi dil ilə demək çox çətindir, yaşamaq lazımdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".
Bu sözləri isə Teleqraf.com-a Laçın sakini Abbasov Raqif deyib.
"Laçından çıxanda 32 yaşım var idi. Hazırda isə təqaüdə çıxmışam və həyat yoldaşımla doğma torpağıma qayıdıram".
Laçın sakini Nisə İbrahimova deyib ki, həyəcandan danışa bilmir: "Hisslərim qarışıqdır. Mən 15 yaşımda Laçından çıxmışam. İndi 45 yaşım var. Çox sevinirəm. Bu günümüzə görə Allaha şükür edirəm və cənab prezident İlham Əliyevə təşəkkür edirəm".