27 İyul 2023 13:22
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tarixşünaslığında qadın hərəkatlarının tarixi ən az öyrənilən mövzulardan biridir. Bu səpkidə bir neçə kitab yazılsa da, geniş oxucu kütləsinə məlum deyil. Nəzərə alsaq ki, Azərbaycan müsəlman şərqində qadına seçki hüququ verən ilk dövlətdir, mövzunun əhəmiyyəti daha da artmış olar.

1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin 4-cü bəndində yazılıb: “Azərbaycan xalq cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər”.

Bu bəndə görə yeni yaradılan dövlət dinindən, milliyyətindən, cinsindən (yəni kişi və qadın fərqi qoyulmadan), toplum içərisindəki mövcud ictimai vəziyyətindən asılı olmayaraq hər kəsin mülki və siyasi haqlarının qorunacağını vəd edir. Bununla da Azərbaycan Cümhuriyyətinin Konstitusiyası hökmündə olan İstiqlal Bəyannaməsi ilə yeni dövlətin qadına olan münasibəti ilk gündən müəyyən edilmiş oldu. Cümhuriyyətin ən önəmli addımı qadınlara seçki hüququnun verilməsi idi. 1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Bu, Cümhuriyyətin ali seçkili orqanının səlahiyyətlərini tənzimləyən sənəd idi. Əsasnamə 10 fəsil və 116 maddədən ibarət idi. Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssislər Məclisi cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsvermə yolu ilə seçilmiş üzvlərdən təşkil olunur. Müəssislər Məclisinə 120 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Seçkilərdə hər nümayəndə üçün bir seçki dairəsi və səsləri hesablamaq üçün seçki məntəqəsi yaradılmalı idi. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, 20 yaşına çatmış və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsvermə hüququ vardı. Bu Əsasnamə o dövrdə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində ən demokratik seçki hüququnu müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsvermə hüququ nəzərdə tutulmuşdu. Qadınların kişilərlə bərabərhüquqlu olması tezliklə müxtəlif sahələrdə qəbul edilən qanun və nizamnamələrdə də öz əksini tapdı. 1919-cu ilin 29 sentyabrında BDU-nun idarə olunması və tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyənləşdirən Nizamnamə Məclisi-Məbusanda üç ay çəkən müzakirələrdən sonra qəbul edildi. Nizamnamədə universitetin quruluşu, elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin hüquq və vəzifələri təsbit edilmişdi. 9-cu maddədə qeyd olunurdu ki, universitetin istər tədris, istərsə də idarə və təsərrüfat işlərində qadınlar da kişilərlə bərabər eyni vəzifələrdə çalışa bilər. Cümhuriyyət dövründə qadınların təhsil almasına xüsusi önəm verildi. 1919-1920-ci dərs ilinin başlanğıcında Azərbaycanda 10 qadın gimnaziyası fəaliyyət göstərirdi. 1920-ci ilin başlanğıcında Bakıda “Maariflənmiş Əməkçi Müsəlman Qadınları İttifaqı”ı da yaradıldı. İttifaq mədəni-maarif işi aparmaq və savadsız qadınlar arasında bilik yaymaq məqsədi güdürdü.

Dövrün şahidlərindən, tanınmış publisist, ictimai-siyasi xadim, ömrünü mühacirətdə tamamlamış Mirzəbala Məhəmmədzadənin 1954-cü ildə qələmə aldığı “Qadınlara hürriyyət” məqaləsi də bu baxımdan olduqca önəmlidir. Həmin məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

Mirzəbala Məhəmmədzadə

Qadınlara hürriyyət

Azərbaycan İstiqlal Bəyannaməsinin milli və vətəni haqlardan bəhs edən dördüncü maddəsi millət, məzhəb, sinif və məslək fərqləri ilə birlikdə cinsiyyət fərqlərini də bərtərəf edərək kişilərlə qadınlara bərabər haqlar tanımaqdadır. Mədəni, hüquqi və siyasi mənası ilə Azərbaycan qadınını tam hürriyyətə və insan haqlarına qovuşduran bu qərarın türk və müsəlman aləmində müəzzəm bir inqilab həmləsi olduğuna şübhə yoxdur. Yeni doğulan demokratik bir cümhuriyyətin müstəqbəl Anayasasına təməl təşkil edəcək olan İstiqlal Bəyannaməsinin digər maddələri kimi bu maddə dəxi tarixi bir təkamül seyrinin məntiqi bir nəticəsi idi. Qadınlarla kişilərə mədəni haqlarda bərabərlik prinsipini tanıyan Bəyannaməni vəz edən Azərbaycan Milli Şurası qadınların da iştirak etdiyi ümumi və sərbəst bir seçki ilə təşəkkül etmişdi. O seçki günlərini xatırlayanlar və yaxud o dövrün mətbuatını tədqiq edəcək olan bu günün və sabahın nəsilləri Azərbaycan qadınının istiqlal hərəkatındakı müsbət və mühüm rolunu təqdir edəcəkdirlər.

Hələ seçkilərdən bir neçə ay öncə 1917-ci ilin aprelində kişilərlə birlikdə qadın nümayəndələrinin də iştirak etdikləri “Qafqaz İslam Qurultayı”nda çarşafsız və niqabsız olaraq xitabət kürsüsünə çıxan qadınlar əmmaməli və əmmaməsiz təəssübkeşlərin təkfirinə məruz qalmışdılar. Partiyalar arasındakı mücadilədə qadın hürriyyəti və qadınların siyasi haqlara malik olması məsələsi ən münaqişəli mövzulardan birini təşkil edirdi. Qadınlara siyasi və mədəni haqq tanımayan mürtəcelərə görə qadınlar rəy sahibi ola bilməzlər, ona görə də seçkilərdə iştirak etməməlidirlər. Halbuki Milli Azərbaycan Xalq Partiyası Müsavatın təmsil etdiyi demokratik cəbhə qadınların seçib və seçilmək haqlarına malik olmalarını milli məfkurənin gerçəkləşməsi üçün ana şərtlərdən biri və bəlkə də, ən başda gələni olaraq tələqqi etməkdə idi. Məmləkət idarəçiliyini əlində saxlamaq və milli dövlət əməlini həyata keçirmək üçün seçkilərin qazanılması icab etdiyinə tərəddüdsüz olaraq iman edən demokratik cəbhə qadınları əsir bir millətin seçkiləri qazana bilməyəcəyini və məmləkət müqəddəratının qeyri-türk azlıqların əlinə keçəcəyini irəli sürürdü.

O zamana qədər qadın hərəkatı bilxassə iki davanın həlli ilə məşğul olmuşdu: 1) Qadınların əsri (müasir) məktəblərdə təlim və tərbiyəsi; 2) Çarşafdan qurtulmaları məsələsi... Mətbuat, ədəbiyyat, teatr həmişə bu məsələlərlə məşğuldu. Tərəqqipərvər aydınların fədakaranə adlandırıla biləcək mücadiləsi sayəsində irfan ordusu müzəffər olduqca ikinci məsələ də tədrici təkamül seyri göstərirdi. Bu təkamül seyrinə müvazi olaraq, əsasən qadınların hürriyyəti və kişilərlə müsavi haqlara malik olmaları məsələsi də meydana çıxır və bu mübarizəni dəstəkləyən dərnəklər və birliklər qurulurdu.

Komediyalarında qadına mühüm mövqe ayıran və qadını evinə, ərinə sadiq, bəzən kişisindən daha cəsur, daha zəki bir müsbət obraz olaraq canlandıran Mirzə Fətəlidən sonra bu mübarizəni dəstəkləyən Həsən bəy Məlikzadə ogünkü şərtlər daxilində Azərbaycan qadınını “ərinin köləsi” tələqqi edir və millətin bütün fərdləri ilə birlikdə onların da hürriyyət işığından nəsibədar olmaları təmənnisini gizlətmirdi. Həsən bəy təkcə türkcə ilk qəzeti (“Əkinçi”) çıxaran bir mühərrir, ilk teatrı quran bir sənətkar deyildir. Bütün bunları maarifi yaymaq uğrunda bir vasitə tələqqi edən Həsən bəyin ana davası ana dilində əsri məktəb idi. Bu davada Azərbaycan qadınının və onun təhsil və tərbiyəsini ön planda tuturdu. Baxın, böyük İsmayıl Qaspıralı “Tərcüman”ın 3 mart 1896 tarixli 9-cu sayında nə yazır: “Həsən bəy Rusiyada ilk olaraq “Əkinçi” namında milli qəzet təsis etmişdi. Bu cəhətdən ustaddır. Bu dəfə Bakıda müsəlman qızlarına məxsus məktəbi-fənniyyə üçün rüxsət tələb edir. Həsən bəy əfəndi həqiqət, həmiyyət nümunəsi bir zatdır. Gənc zamanını mətbuata, ixtiyarlığını maarifə və bütün ömrünü millətin istifadəsinə vermişdir”.

Eyni “Tərcüman”ın bir neçə gün sonrakı sayında (1896, sayı 14) bunları oxuyuruq: “Müsəlman qızlarının təhsil və tərbiyələrinə məxsus böyük məktəbi-fənniyyə və ədəbiyyə təsisinə qərar verilib, həmiyyət və əfkar-ı maarifpərəstisi ilə məşhur tüccar və fabrikator Hacı Zeynəlabidin cənablarının mübaşərəti və təşviqi ilə Bakıda zadəgan və mötəbəran müsəlmanların 150 min rubl cəm etdikləri xüsusi bir teleqrafdan anlaşıldı. Yaşayın, bakılılar... tərəqqi yolundasınız!”

Belini İçərişəhər adlanan əski Bakının tarixi surlarına söykəmiş və milli memarlıq tərzində tikilmiş gözəl və zərif bina Hacı Zeynəlabidin tərəfindən həmin ilk qızlar liseyi üçün yenə o tarixlərdə inşa edilmişdi. Məmləkətə və millətə yüzlərlə münəvvər ana yetişdirən bu irfan ocağının başında Həsən bəyin rəfiqəsi dayanırdı. Bu irfan ocağından münəvvər Azərbaycan qızları açılan yeni qız məktəblərində bir-bir elm və mədəniyyət günəşi halında parıldamış və qaranlıq mühitimizi parıldatmışlar.

Xüsusilə 1905-ci il inqilabının təmin etdiyi nisbi hürriyyət Azərbaycan qızlarının əsri məktəblərdə oxudulmalarını asanlaşdırmış və yuxarıda adı keçən ilk qız liseyini bu məktəblərə müəllim kadrları yetişdirən ali bir kültür müəssisəsi halına gətirmişdi. Bu hərəkəti təşviq və himayə edən milli mətbuat “Bir münəvvər ana, yüz məktəb müəlliminə bədəldir” şüarı ilə çırpınırdı. 1906-cı ilin aprel ayında çıxan “Dəbistan” jurnalının analara məxsus aylıq əlavəsində “ilk məktəbin ana qucağı” olduğundan bəhs edən məqalənin bu sətirlərini bərabər oxuyaq: “Mədəniyyətli və tərbiyəli anaların əllərində bəslənmiş uşaqların gələcəkdə millət xadimi və camaata xeyir və fayda verən bir şəxs olacaqlarına əsla şəkk və şübhə edilməməlidir”.

Bəli, bütün həmlələr millətin mövcudiyyəti və istiqbalı namına edilirdi. Bunun üçün də ailədən başlanılırdı. Çünki “Ruhul-qəvanin” müəllifinin də dediyi kimi, bir millət bir çox ailələrin məcmusundan ibarət böyük bir ailədən başqa bir şey deyildir. Ailədə hökm sürən qanun və nizamlar eynilə o millətin ictimai həyatına və sonraları siyasi həyatına da hakim olur.

Ailənin təməl daşını təşkil edən ananın qucağını ilk məktəb olaraq götürən və milli mövcudiyyətin özü tələqqi edilən o qucağın mədəniyyət və irfan ocağı halına gəlməsinə çalışan mətbuatın əməyi boşa getməmişdi.
Bolşeviklərin buzlu cəhənnəmində ərimiş olduğu anlaşılan böyük milli şairimiz Əhməd Cavadın “İnandım ki, cənnət sənin ayağının altındadır” şəklində tanrılaşdırdığı bu münəvvər analar Birinci Dünya savaşı illərində artıq qadın hərəkatının idarəçiliyini öz əllərində tutmuşdular. Artıq onların xeyriyyə cəmiyyətləri, ədəbi məhfilləri, birlikləri, ədəbiyyat, mətbuat, sənət və irfan sahələrində müməssilləri vardı. Birinci Dünya savaşı illərində ruslar tərəfindən işğala məruz qalan Şərqi Anadolunun Qars, Ərdəhan, Ərzurum və Trabzon bölgələrində qətliama məruz qalan türk qardaşlarının yardımına qaçan “Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi”nin müfrəzələrində, yetim evlərində, toxuculuq yurdlarında, səhiyyə ocaqlarında, məktəb idarələrində, hətta cəbhəyə qədər gedən heyətlərdə Azərbaycan qızlarının fəal bir mövqe tutduğuna şahid oluruq. 1917-ci il ixtilalından sonra isə Azərbaycan qadını siyasi partiyalarda fəaliyyət göstərməyə başlamışdı. Qadınların mədəni haqlara, kişilərlə bərabər olaraq milli və vətəni haqlara malik olub-olmayacaqları münaqişə edilən bir dövrdə Azərbaycan qadınları böyük bir imtahan verirdi. Azərbaycan şairinin:

Bir gün gələcək şəmsi-həqiqət doğacaqdır,

Şərqin bu əsir validəsi hürr olacaqdır!

dediyi gün artıq gəlmişdi. Seçkilərdə qadınlar demokratik milli cəbhənin dəvətinə icabət etmiş, rəylərini milli dövlət tezisini müdafiə edən partiyanın namizəd siyahısına vermişdilər. İstiqlal bu sayədə elan edilmişdi.

Qadınların da yardımı ilə siyasi zəfərin qazanılmasından sonra elan edilən istiqlal və bu tarixi hadisəni təqib edən istiqlal savaşının zəfərlə nəticələnməsi üzərinə Milli Şuranın qərarı ilə dəvət edilən Azərbaycan Parlamenti Hacı Zeynəlabidinin inşa etdirmiş olduğu ilk türk qız liseyi binasında toplanmışdı. 7 dekabr 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər bu binada fəaliyyət göstərən və milli hakimiyyəti təmsil edən bu ən ali müəssisənin qələm amiri bir qadın olduğu kimi parlament komissiyalarında çalışanların da çoxu münəvvər Azərbaycan qızları idilər.

Qadınların tam hürriyyətlərini əldə etmiş və toplanmaq üzərə olan Müəssislər Məclisində məbus (millət vəkili) olmaq üçün hazırlanırdılar.

İstiqlal Bəyannaməsi ümumi və şümullü bir hürriyyət təmin etmişdi.

“Azərbaycan” (Ankara) jurnalı, sayı 24, mart 1954


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər